Gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi aktual məsələlərdəndir

Gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi aktual məsələlərdəndir Prezident İlham Əliyevin gənclərə yönələn siyasətinin tərkib hissəsi olaraq gənclərin ictimai həyatda rolunun artırılması və məsul vəzifələrə irəli çəkilməsi baxımından onların qərar qəbuletmə, natiqlik, məsuliyyəti öz üzərinə götürmə və digər liderlik bacarıqlarının müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi aktual məsələlərdəndir. Bunu nəzərə alaraq, gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “GəncLİK” (Gənc Liderlərin İnkişaf Konsepsiyası) proqramı fəaliyyətə başlayıb. Proqramın məqsədi potensialı olan ictimai liderlərin üzə çıxarılması, inkişafı və şəbəkələşməsinin təmin olunması, habelə onların fəaliyyət istiqamətləri üzrə irəli çəkilməsindən ibarətdir.
Bu fikirlər fevralın 22-də Təhsil nazirinin müavini Firudin Qurbanovun “GəncLİK” proqramının 4 mərhələli seçim mərhələsindən uğurla keçən 30 gənc liderlə görüşündə səsləndirilib.
F.Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə, mədəniyyətə, idmana xüsusi önəm verdiyini vurğulayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən danışan nazir müavini ölkəmizdə gənclərə, onların təhsilinə böyük diqqət göstərildiyini deyib. O, gənclərə tövsiyələrini verib, onlara uğurlar arzulayıb.
Tədbirdə, eyni zamanda məlumat verilib ki, seçilən gənc liderlər üçün peşəkar xarici və yerli mentorların iştirakı ilə təlimlər keçirilib, onların regionlara səfərləri təşkil edilir.
GəncLİK proqramı çərçivəsində hər həftənin şənbə və bazar günləri gənc liderlərin dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri keçirilir.
Proqram iştirakçılarına Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, KOBİA-nın sədr müavini Nadir Adilov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sədri Taleh Ziyadov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə görüşlər təşkil olunub.

Tehsil-press.az



Oxşar xəbərlər