Birinci sinfə qəbul qaydaları açıqlanıb

Birinci sinfə qəbul qaydaları açıqlanıb Təhsil Nazirliyində birinci sinfə şagird qəbuluna həsr olunan mətbuat konfransı keçirilib.
Mətbuat konfransında birinci sinfə şagird qəbulu və bu prosesdə tətbiq olunan yeniliklərlə bağlı məlumat verilib. Qeyd olunub ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Sistemdə onlayn qeydiyyat martın 10-dan etibarən aktivləşdiriləcək. Məktəb seçimi isə martın13-dən sentyabrın 15-dək həyata keçiriləcək.
Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, 2020-2021-ci tədris ili üçün ümumtəhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədrisin digər dillərdə aparıldığı bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla).
Məlumat verilib ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, tədrisin digər dildə aparıldığı məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçirilir. Tədrisin digər dildə aparıldığı məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların müsahibələrinə fevralın 24 -dən start verilib və martın 3-də yekunlaşacaq.
Məktəbəhazırlıq qruplarına cəlb olunmamış digər dildə təhsil almaq istəyən uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək. Bu müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq. Uşaqları müsahibədən uğurla keçən valideynlər mayın 1-dən etibarən məktəb seçiminə başlaya bilərlər.
Bildirilib ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir.
Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn martın 10-dan 13-dək şəxsi kabinetdən ərizəni çap edib məktəbə təqdim etməlidir.
Diqqətə çatdırılıb ki, I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək. Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan, alternativ qeydiyyat mərkəzində övladının qeydiyyatı mümkün olmayan valideynlər aprelin 1-dən həftənin III və V günləri Apellyasiya komissiyalarına müraciət edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər