Birinci sinfə qəbul üzrə 57 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 57 minə yaxın sorğu yerləşdirilib Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumtəhsil müəssisələrinin birinci sinfinə 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə şagird qəbulu davam edir.
Mayın 23-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə birinci sinfə qəbul üçün ümumilikdə 57 minə yaxın sorğu yerləşdirilib. Abşeron rayonu üzrə 5589, Gəncə şəhəri üzrə 3752, Sumqayıt şəhəri üzrə 5227 nəfərin sorğusu qeydə alınıb. Həmin bölgələr üzrə birinci sinfə gedəcək şagirdlərin sayının 17 min 873 nəfər olacağı proqnozlaşdırılır.
Elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 41 701 sorğu yerləşdirilib. Onlardan 38 min 263-ü ümumtəhsil məktəblərini, 3 min 438-i isə lisey və gimnaziyaları seçib. Birinci sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin www.mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir.
Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilib. Məktəbəhazırlıq qruplarındakı 8 mindən çox uşaq avtomatik birinci sinfə qəbul üzrə qeydə alınıb. Bu da həmin şəhər və rayonlar üzrə birinci sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir. Bakı şəhəri üzrə isə məktəbəhazırlıq qruplarındakı 24 mindən çox uşaq avtomatik birinci sinfə qəbul üzrə qeydə alınıb.
Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə ərizələrin online qeydiyyatı sentyabrın 15-dək davam edəcək. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda, Gəncə şəhəri üzrə beş, Sumqayıt şəhəri üzrə dörd, Abşeron rayonu üzrə altı məktəbdə birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək üçün yaradılmış alternativ qeydiyyat mərkəzlərinə (http://baku.edu.gov.az/az/page/276) müraciət edə bilərlər. Həmçinin birinci sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə altı, Gəncə və Sumqayıt şəhərinin, Abşeron rayonunun hər biri üzrə bir ümumi təhsil müəssisəsində apellyasiya komissiyaları fəaliyyət göstərir.
Qeyd edək ki, fevralın 22-dən Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların, eləcə də Bakı şəhərindəki dövlət ümumtəhsil müəssisələrinin birinci sinfinə şagird qəbuluna başlanılıb.
Elektron sistem vasitəsilə 2018-2019-cu tədris ilində uşaqların birinci sinfə qəbulu barədə ətraflı məlumatı videotəlimatdan almaq mümkündür (https://www.youtube.com/watch?v=KRMGV9hTHq8).

Tehsil-press.az

Oxşar xəbərlər