Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onlayn təhsilə start verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onlayn təhsilə start verilib Azərbaycan Respublikasında koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırılması ilə əlaqədar martın 29-da saat 08:30-dan etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) onlayn təhsilə başlayıb.
ADNSU-dan Tehsi-press.az-a bildirilib ki, saat 08:30-da 75 fənn üzrə dərslərə start verildiyi halda, saat 11:00-da onlayn formada keçirilən dərslərin sayı 150-ə çatıb. Aprelin 1-dək ADNSU-da onlayn formada təhsil tədrisin planı üzrə dərslərin yüz faizini əhatə edəcək.
Universitetdə onlayn təhsil Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsinə və təlim-tədris prosesinin məsafədən təşkilinə dair tövsiyəsi əsasında gerçəkləşdirilib. Onlayn Təhsil nazirliyin təhsil müəssisələrinə təklif etdiyi “Microsoft Teams” platforması üzərində təşkil olunub. Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlığın nəticəsi olaraq “Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.
Qeyd edək ki, ADNSU-da 2016-cı il oktyabrın 12-dən təkmilləşdirimiş elektron universitet - “Unibook”un istifadəyə verilməsi sayəsində ali məktəbin hər bir tələbəsinə fərdi şifrəsi vasitəsilə portala daxil olaraq burada yerləşdirilmiş bütün məlumatlar, sillabuslar, mühazirələr, təqdimat materialları, fənn proqramları, imtahan sualları, elektron dərs vəsaitləri, o cümlədən “Word” formatında ədəbiyyatlar, dərs cədvəlləri ilə tanış olmaq imkanı yaradılıb. “Unibook”da dərslərin mövzusu müəllimlər tərəfindən doldurulur və hansı mövzunun nə vaxt keçildiyi qeyd olunur. Tələbələr “Unibook” vasitəsilə istədikləri məlumatı öyrənə, laborator işlərini apara, dərs tapşırıqlarını hazırlaya, bütün kafedralar haqqında məlumat ala və hətta anlamadıqları mövzu haqqında internet vasitəsilə müəllimlərlə əlaqə saxlaya bilərlər.
ADNSU-nun qabaqcıl “Unibook” sistemi “Microsoft Teams” platformasının imkanları ilə birlikdə videobağlantı vasitəsilə məsafədən təhsil vermə, müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən, habelə təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması, qiymətləndirmənin aparılması, qrup işinin təşkili kimi alətlərdən istifadə edərək onlayn təhsilin effektiv şəkildə təşkilini təmin edir.

Tehsil-press.az

Oxşar xəbərlər