Bakı Slavyan Universitetində onlayn dərslər davam etdirilir

Bakı Slavyan Universitetində onlayn dərslər davam etdirilir Bakı Slavyan Universitetində (BSU) onlayn dərslər davam etdirilir. Bu barədə Tehsil-press.az-a BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov məlumat verib. O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunmuş koronavirus (COVID-19) infeksiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş tətil və məzuniyyət günlərində yaz semestri üzrə tədris materiallarını tələbələrə çatdırmaq, onların imtahan sessiyasından əvvəlki hazırlığına nail olmaq məqsədilə BSU-da distant təhsil texnologiyalarının tətbiqi yolu ilə onlayn - virtual dərslər davam etdirilir. Bununla bağlı BSU-nun rektoru, professor Nurlana Əliyeva müvafiq əmr verib, həmin əmr əsasında təlimat hazırlanaraq professor-müəllim və tələbə heyətinə təqdim olunub.
Distant təhsil texnologiyaları ilə tədrisin məsafədən təşkili üçün universitet bütün resurslarını səfərbər edib və malik olduğu elektron tədris platformasının funksionallığını artıraraq tələbələrin ixtiyarına verib.
Hazırda www.tedris-bsu.org portalında kafedraların bir-biri ilə çevik əlaqə saxlaması məqsədilə korporativ elektron poçt ünvanlarına giriş üçün şəxsi kabinet istifadəyə verilib və rəsmi sənədlərin fasiləsiz dövriyyəsi təmin olunub.
Tələbələrin mövcud elektron tədris resurslarına çıxışının təmin olunması, bütün mühazirə mətnlərinin əldə edilməsi, həmçinin hər bir fənn üzrə imtahan sualları, sillabuslar və auditoriyadankənar saatlara aid işlərin mövzularının əlçatan olması üçün elektron tədris platformasında fakültə, ixtisas və akademik qruplar üzrə xüsusi bölmələr açılıb, bütün zəruri tədris materialları tyutorlar tərəfindən virtual qovluqlara yerləşdirilib.
Maksimum tələbə heyətinin distant təhsil texnologiyaları vasitəsilə keçirilən dərslərdə daha həvəslə iştirak etmələri və motivasiya aləti olaraq davamiyyətin monitorinqini aparmaq və tələbələrin hazırlıq reytinqini müəyyənləşdirmək üçün elektron jurnal modulundan da istifadə edilir. Elektron jurnala zəif nəticə göstərən tələbələrin qiyməti və davamiyyət qeyd olunmur. Elektron jurnal sistemi sadəcə müəllimlərə onlayn dərslərdə iştirak etməyən tələbələri müəyyənləşdirərək onların dərslərdən geri qalmaması üçün digər imkanlardan istifadə edə bilməsinə şərait yaradır.
Bununla yanaşı, Avropa İttifaqının Erasmus+ proqramının BSU-nun qoşulduğu PETRA layihəsi çərçivəsində tələbə və müəllimlərin istifadəsinə verilən “Moodle” elektron tədris platformasında da təlimlər uğurla davam etdirilir. Habelə BSU Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyə etdiyi “Microsoft Teams” platformasında da istifadə etməkdə maraqlıdır. Layihəyə qoşulmaq üçün universitet artıq bütün tələbə və müəllim heyətinin qeydiyyat formasını nazirliyin müvafiq şöbəsinin elektron poçtuna göndərib.
BSU-nun rektoru tərəfindən imzalanmış əmrdə dərslərin dayandırıldığı mövcud vəziyyətdə kredit sistemi əsasında tədrisin təşkili qaydalarına uyğun distant təhsil vasitələri və texnologiyaları ilə tələbələrin imtahanlaraqədərki cari fəaliyyətinin diqqətdə və nəzarətdə saxlanılması və qiymətləndirilməsi yolları və mexanizmləri aydın şəkildə təsvir olunub. Elektron informasiya texnologiyaları şöbəsi tələbələrin müxtəlif tədris-məlumat resursları bazalarından istifadəsinə, tədris portalları və platformalarına çıxışına dəstək verir.

Tehsil-press.az



Oxşar xəbərlər