Azərbaycanda kənd təsərrüfatının istehsalı 3,8 faiz artıb

Azərbaycanda kənd təsərrüfatının istehsalı 3,8 faiz artıb 2020-ci ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 415,3 milyon manat təşkil edib ki, onun da 1315,9 milyon manatı heyvandarlıq, 99,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,8 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 13,5 faiz artıb.
Təsərrüfatlarda yanvar-aprel aylarında 43,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz çox kartof və 107,0 min ton və yaxud 16,7 faiz çox tərəvəz məhsulları istehsal edilib.
Ölkədə yaz-tarla işləri aparılır və 2020-ci il may ayının 1-nə kimi 295,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 39,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 19,1 min hektarda dən üçün qarğıdalı), 52,1 min hektar sahədə kartof, 48,3 min hektar sahədə tərəvəz, 14,7 min hektar sahədə bostan bitkiləri, 71,4 min hektar sahədə pambıq, 4,7 min hektar sahədə şəkər çuğunduru, 9,0 min hektar sahədə dən üçün günəbaxan, 0,9 min hektar sahədə tütün, 52,4 min hektar sahədə çoxillik otlar, 0,6 min hektar sahədə birillik otlar və 2,0 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Tehsil-press.az

Oxşar xəbərlər