AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış yeni gübrələrin istehsalına lisenziya verilib

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış yeni gübrələrin istehsalına lisenziya verilib AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) yaradılmış, akademiyanın Yüksək Texnologiyalar Parkının rezidenti “İNKOR” MMC ilə birgə istehsal texnologiyası mənimsənilmiş “Azofos” və “Azofos K” gübrələrinin istehsalı üçün İqtisadiyyat Nazirliyinin xüsusi lisenziyası verilib.
“İNKOR” MMC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən gübrə təchizatçısı kimi qeydə alınıb və “Azofos” və “Azofos K” gübrələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində mineral gübrə siyahısına əlavə edilib.
Qeyd edək ki, “Azofos K” gübrəsi 2019-cu ildə “Az-Qranat” MMC-nin 28 hektar üzüm bağında və 290 hektar nar bağında istifadə edilib. Nar bağının hər hektarına 110 kiloqram “Azofos K” gübrəsi verilib və hər hektardan 5 ton artıq nar götürülüb. Bütövlükdə 290 hektar nar bağından 1450 ton artıq nar əldə edilib. Əlavə götürülən narın ümumi dəyəri 725 min manat olub. 28 hektar üzüm bağının hər hektarına 214 kiloqram “Azofos K” gübrəsi verilib və hər hektardan əlavə olaraq 9 ton üzüm götürülüb. Ümumilikdə gübrənin istifadəsi sayəsində 253 ton əlavə üzüm götürülüb ki, onun da ümumi dəyəri 226 min 800 manat olub. “Azofos K” gübrəsi İsrailin “Hayfa Chemikal” şirkətinin gübrəsi istifadə olunduğu hala nəzərən üzümün şəkərliliyinin ən azı 2 faiz artmasını təmin edir (şəkərlilik 22-24 faiz arasında olur).
Ümumilikdə 290 hektar nar və 28 hektar üzüm bağına 50600 manat dəyərində “Azofos K” gübrəsi istifadə olunub və nəticədə 951800 manat dəyərində əlavə məhsul götürülüb.
“Azofos K” gübrəsi pambıq, buğda, arpa, qarğıdalı, yonca bitkilərinin becərilməsində də sınaqdan uğurla keçib.
“Azofos” və “Azofos K” gübrələrinin geniş sahə sınaqlarının keçirilməsində Kənd Təsərrüfatı Nazirliyinin əksər institutları yaxından iştirak ediblər.
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu hər iki gübrənin geniş sınaqlarında fəal iştirak etmiş institutların kollektivlərinə, elmi nəticələrin praktikada sürətli tətbiqinə şərait yaratmış Kənd Təsərrüfatı Nazirliyinə, nazirliyin Aqrar Elm və İnnovasiya Mərkəzinin kollektivinə, AMEA-nın rəhbərliyinə, Qida Təhlükəsizliyi Agentliyinə və İqtisadiyyat Nazirliyinə xüsusi minnətdarlığını bildirir.
Qeyd edək ki, “Azofos” və “Azofos K” müstəqil Azərbaycanda istehsalı təşkil olunan ilk iki (N, P) və üç (N, P, K) qida elementli gübrələrdir.

Tehsil-press.az

Oxşar xəbərlər