Ali Baş Komandanın qisas əməliyyatında xalq və ordu birliyi

Ali Baş Komandanın qisas əməliyyatında xalq və ordu birliyi 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquqi normaları pozaraq Azərbaycan dövlət sərhəddinə silahlı müdaxiləsi Azərbaycan xalqını dövlət, xalq və vətən naminə yenidən ayağa qaldırdı. Belə bir zamanda üzv olduğumuz Beynəlxalq təşkilatların böyük əksəriyyətinin susqunluğu fonunda, çox az sayda da olsa bəzi dövlətlərin və təşkilatların ölkəmizə dəstək nümayiş etdirməsi bizə bir daha dostumuzu və düşmənimizi tanıtdı. Prezident cənab İlham Əliyevin bu məsələyə münasibətdə birmənalı fikri ondan ibarət oldu ki, mən xalqıma arxalanaraq haqq-ədalət savaşında milli ordumuza öz əmrimi vermişəm.
Ali Baş Komandan bütün məsələləri müdrikcəsinə analiz edərək düşmən təxribatına qarşı qisas əməliyyatı başlamaq əmrini verdikdən dərhal sonra Azərbaycan ordusu Erməni silahlılarını öz yerində oturtmaqla yanaşı, onlara öz cəbhələrinin dərinliklərində böyük zərbələr endirmiş oldu. Fasilələrlə bu gün də davam edən müharibədə Azərbaycan sahib olduğu ən müasir silahlardan istifadə edərək şəhid olan hərbiçilərimizin qisasını almaqdadır. Bu döyüşlər ordumuza böyük strateji üstünlük qazandırıb və sərhədyanı bölgədə qurulan ermənilərin bütün müdafiə istehkamlarını, hərbi bazalarını havaya sovurub.
Prezident cənab İlham Əliyev ordumuzun bu əməliyyatını bizim növbəti şanlı qələbəmiz kimi xarakterizə edib. Bunun kifayət qədər əsası vardır. Erməni rəsmilərin öz itkilərini gizlətməsinə baxmayaraq, sosial şəbəkələrdə yayılan məlumatlar, kəşfiyatçılarımızın verdiyi dəqiq bilgilərin əsasında düşmənin böyük itkilər verdiyi dəqiqləşib. Hazırda ordumuz hərbi əməliyyatların miqyasını o qədər genişləndirib ki, əməliyyat gedən istiqamətdə düşmənin bütün yaşayış məntəqələri boşaldılmaqdadır.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bütün əməliyyat görüntüləri sübut edir ki, ordumuz yalnız hərbi obyektləri və döyüş texnikasını, canlı qüvvələri hədəf seçmişdir. Lakin bunun əksinə olaraq Erməni ordusu üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrimizi bombardman etməkdədir. Bütün təhlükələrə və bir dinc sakinimizin düşmən artileriya zərbələri nəticəsində həyatını itirməsinə baxmayaraq, insanlarımız öz kəndlərində yaşamağa davam edir. Bu insanlarımızda Ali Baş Komandana və ordumuza olan inamın və vətənpərvər ruhun göstəricisidir.
Təəssüflə vurğulamaq istərdik ki, ölkəmizin düşmən təxribatı ilə üzləşdiyi bir vaxtda, beynəlxalq ictimaiyyətin bu olaya diqqətini çəkmək lazım olan zamanda ölkəmizin xarici siyasət təmsilçiləri Prezidentimizin də vurğuladığı kimi məsələyə etinasız münasibət bəsləmişdir. Bu diplomatik korpusumuzun Prezidentin ortaya qoyduğu siyasi iradə ilə ayaqlaşmadığını əyani göstərir. Elə buna görə də həssas bir dövr olmasına baxmayaraq, cənab Prezident XİN rəhbərini dəyişmək qərarı verdi. Bu vəzifəyə yeni təyin olunan Ceyhun Bayramov inanırıq ki, çevik qərarqəbuletmə və səriştəli idarəçilik sayəsində qısa zamanda diplomatik korpusumuzun Prezidentin siyasi iradəsi ilə bərabər addımlamasına nail olacaqdır. Biz qardaş dövlət olan Türkiyənin, həmçinin Ukrayna kimi digər büynəlxalq sülhü və Azərbaycanın haqq səsini dəstəkləyən dövlətlərin ölkəmizə dəstəyini ən qısa zamanda eşidəcəyik.
Bu gün Hərbi Səfərbərlik İdarələrinin qarşısına orduya yazılmaq üçün toplanan minlərlə vətəndaşlarımızın, ordumuza və dövlətimizin bu haqq savaşında atdığı bütün addımlara dəstək olan xalqımızın gücü dünyadakı dostlarımızın gücü ilə birləşib Azərbaycanı qarşılaşdığı bu bəladan tezliklə xilas edəcək. Biz erməni faşizmi üzərində nəhayət ən böyük qələbəmizi qazanacaq və itirilmiş topaqlarımızı geri qaytararaq ərazi bütövlüyümüzü təmin edəcəyik. Bu müqəddəs işdə bütün dünya azərbaycanlıları Ali Baş Komandadın yanındadır. İnanırıq ki, bu haqq savaşı Qarabağın hər qarışına ay-ulduzlu bayrağımızın sancılması ilə bitəcək!

Sərraf Hüseynov,
ADU rektorunun müşaviri,
ADU YAP təşkilatının sədri


Oxşar xəbərlər