BMT-nin koronavirusa həsr olunmuş xüsusi sessiyası davam edir

BMT-nin koronavirusa həsr olunmuş xüsusi sessiyası davam edir Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 10 iyul 2020-ci il tarixindən etibarən çağırılmış BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiyası öz işini davam etdirir.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
O qeyd edib ki, 10 iyul tarixində rəsmi olaraq açıq elan edilmiş xüsusi sessiya BMT Baş Assambleyasının digər bütün sessiyaları kimi 2 seqmentdən ibarət formatda keçirilir. Prosedur xarakterli qərarların qəbul edildiyi seqment artıq 21 iyul tarixində başa çatıb. Bu seqment çərçivəsində Baş Assambleyanın aşağıdakı 6 qərarı sükut proseduru vasitəsilə qəbul edilmiş və BMT Baş Assambleyasının rəsmi sənədləri olaraq dərc edilib:
- BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri olan Ticani Məhəmməd-Bandenin xüsusi sessiyanın sədri seçilməsi barədə qərar;
- Xüsusi sessiyanın sədr müavinlərinin seçilməsi barədə qərar;
- Xüsusi sessiyanın Əsas Komitələrinin sədrlərinin seçilməsi barədə qərar;
- Xüsusi sessiyanın gündəliyinin qəbul edilməsi barədə qərar;
- Xüsusi sessiyasının Səlahiyyət Komitəsinin tərkibinin təsdiq edilməsinə dair qərar;
- BMT Nizamnaməsinin 19-cu maddəsinə uyğun olaraq, BMT-yə üzvlük haqlarını ödəməyən və beləliklə də səsvermə hüququndan məhrum edilmiş dövlətlərin siyahısının nəzərə alınmasına dair qərar.
Qeyd edək ki, pandemiyanın davam etməsi ilə əlaqədar BMT Baş Assambleyası çərçivəsində qərarlar səsvermə ilə yox, sükut proseduru vasitəsilə qəbul edilir. Müvafiq prosedura uyğun olaraq qərar layihələri 72 saat müddətinə bütün BMT üzv dövlətləri arasında yayılır və bu müddət sonuna qədər etiraz edən dövlət olmadığı təqdirdə qəbul edilir.
Koronavirus pandemiyası səbəbindən BMT-nin mənzil qərargahında tətbiq olunan məhdudiyyətlərlə əlaqədar, hazırda BMT Baş Assambleyasının rəsmi iclaslarının paytaxtlardan gələn nümayəndə heyətlərinin fiziki iştirakı ilə keçirilməsi mümkün deyil. Bununla əlaqədar, Baş Assambleyanın sentyabr ayında keçiriləcək müntəzəm sessiyası tarixdə ilk dəfə hibrid formada, yəni dövlətlərin seçimindən asılı olaraq ya nümayəndə heyətləri rəhbərlərinin əvvəlcədən yazılmış video-müraciətləri vasitəsilə, ya da həmin dövlətlərin BMT yanında Daimi Nümayəndəliklərinin Assambleya zalında fiziki iştirakı ilə baş tutacaq.
Hazırkı pandemiya vəziyyəti ilə əlaqədar 10 iyul tarixindən etibarən başlayan Baş Assambleyanın xüsusi sessiyasının müxtəlif seqmentli müzakirələrinin də əvvəlki xüsusi sessiyalardan fərqli formatda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, hazırda BMT üzv dövlətləri sessiyanın dövlət və hökumət başçıları səviyyəsində, video-konfrans formatında keçirilməsi ilə bağlı modallıqları müzakirə edirlər. Müvafiq razılıq əldə edildikdən sonra ümumi müzakirələrin konkret tarixləri müəyyən ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər