Sofiyada QDİƏT Parlament Məclisinin iclasları keçirilir

Sofiyada QDİƏT Parlament Məclisinin iclasları keçirilir Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və onun rəhbərlik etdiyi milli nümayəndə heyətinin üzvləri Bolqarıstanda bu qurumun 61-ci büro və daimi komitənin iclaslarında, həmçinin Baş Assambleyasının 54-cü plenar iclasında iştirak etmək üçün Sofiyaya səfərdədirlər.
QDİƏT PM-nin Baş Assambleyasının işçi qrupunun, 61-ci büro və daimi komitənin iclasları keçirilib. Bolqarıstan Parlamentinin spikerinin sədrliyi ilə keçirilən iclaslarda nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev çıxış edib. O, eyni zamanda, reqlament üzrə işçi qrupa da rəhbərlik edib.
Qeyd edək ki, Baş Assambleyanın 54-cü iclası bu gün işə başlayacaq. İki gün davam edəcək iclasda cari ilin iyununda Bakıda keçirilmiş 53-cü plenar iclasın protokolu təsdiqlənəcək. Qurumun fəaliyyəti, həmçinin QDİƏT-lə əlaqədar orqanların və sektoral dialoq üzrə tərəfdaşların fəaliyyəti barədə məlumatlar dinləniləcək. Ümumi müzakirələrdə Avropa İttifaqı ilə QDİƏT arasında əməkdaşlığın cari vəziyyətinə və perspektivlərinə nəzər salınacaq.
Baş Assambleyanın plenar iclaslarında iqtisadi, ticarət, texnoloji, ekoloji, hüquqi, siyasi, mədəniyyət, təhsil və sosial məsələlər diqqət mərkəzində olacaq. QDİƏT regionunda ikiqat vergiqoymanın aradan qaldırılması, nəqliyyat marşrutlarının inkişafının hüquqi və siyasi aspektləri, bölgədə işsizlik və yeni iş yerlərinin yaradılmasında dövlətlərin rolu mövzularına dair məruzələr dinləniləcək, müvafiq tövsiyə qərarları qəbul ediləcək.
Milli Məclisin deputatları bütün müzakirələrdə yaxından iştirak edəcək, münasibətlərini bildirəcəklər.
Baş Assambleyanın 54-cü plenar iclası çərçivəsində QDİƏT PM sədrinin müavinləri seçiləcək, 2020-ci maliyyə ilinin büdcəsi qəbul ediləcək, qurumun yaz sessiyası ilə əlaqədar təşkilati məsələlərə baxılacaq.
Səfər noyabrın 22-də başa çatacaq.

Tehsil-press.az

Oxşar xəbərlər