Bakı Slavyan Universitetində təhsil almaq üçün 40-dan çox əcnəbi vətəndaş müraciət edib

Bakı Slavyan Universitetində təhsil almaq üçün 40-dan çox əcnəbi vətəndaş müraciət edib Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən, 2020-2021-ci tədris ilində Bakı Slavyan Universitetinə (BSU) ali təhsilin bakalavriat və magistratura səviyyələrinə əcnəbi tələbələrin qəbulu sentyabrın 30-dək yekunlaşdırılacaq.
Hazırlıq şöbəsinə isə əcnəbi tələbələrin qəbulunun oktyabrın 15-dək aparılması nəzərdə tutulur. Əcnəbi tələbələrin qəbul prosesi 2 mərhələdən ibarətdir: sənəd qəbulu və müsahibənin keçirilməsi. Birinci mərhələdə əcnəbi vətəndaşlar BSU-nun rektorunun adına ərizə ilə müraciət edərək Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarının təsdiq edilməsi haqqında“ 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarında göstərilən sənədləri təqdim etməlidirlər. Həmin sənədlər Qəbul komissiyasının üzvləri tərəfindən yoxlanılır.
İkinci mərhələdə müraciət edən əcnəbi vətəndaşlar rektorun sədrliyi və Qəbul komissiyası üzvlərinin iştirakı ilə əyani müsahibədən keçməlidirlər. Müsahibə namizədin seçdiyi ixtisasa uyğun bilik səviyyəsini müəyyən etmək məqsədilə keçirilir.
Bu günə olan məlumata görə, BSU-ya müxtəlif səviyyələrdə təhsil almaq üçün dünyanın 11 ölkəsindən 40-dan çox əcnəbi vətəndaş müraciət edib.
Qeyd edək ki, əcnəbi vətəndaşların BSU-ya qəbulu və tədrisi ilə bağlı ətraflı məlumat universitetin rəsmi saytında Azərbaycan, rus, ingilis və türk dillərində yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər