
Hətta bu saat İranın milli futbol komandası ilə bizim milli komandamız qarşılaşsa, qıraqdan baxan elə bilər, mundial finalıdır – o dərəcədə qırğın oyun gedər.
Çünki ortalıqda mübahisəli məsələ var, üzü geriyə gedəndə düz vəliəhd şahzadə Abbas Mirzə və rus generalı Paskeviçin dövrünə qədər gedib çıxırsan.
İndi Tehran universitetinin arxeoloq professoru Həsən Fazili dövlətlərarası intriqaya qoşulub, Xəzər dənizinin adını bəyənmədiyini deyib və insanlardan “Xəzər” sözünü işlətməməyi tələb edib. Onun fikrincə, “Xəzər”in adını guya yəhudilər verib və bu dünyanın ən böyük gölünün adı “Mazandaran” olmalıdır.
Bu yerdə Mzandaranla bağlı adamın yadına bir zərbül-məsəl düşür, lətifəsi Həsən Fazili müəllimə dəyməsin, deyir: “Mazandaranda çaqqal az idi, biri də gəmiylə gəldi”.
Bu ifadənin özü də göstərir ki, Xəzər dənizinin cənub sahilində yerləşən Mazandaran vilayətinin həm çaqqalları boldur, həm də orada necəsə çaqqalların gəmiyə sərnişin olmaq şansları əmələ gəlir.
Amma Xəzər sahilində yerləşən hansısa bir vilayətin, şəhərin adını o boyda dənizə vermək düzgün olmaz. Onda Xəzərə “Kaspi” deyən ruslar da deyər, qoy bu “Həştərxan dənizi” olsun. Türkmənlərin öz variantı ola bilər: “Türkmənbaşı dənizi”. Qazaxlar niyə geri qalmalıdır? Onlar da bu su hövzəsini “Aktau dənizi” adlandırmazlarmı?
Bizim variantımız çoxdur. Şimaldan üzü bəri başlasaq, xaçmazlılar bu yekə dəryanı “Nabran dənizi”, şabranlılar isə “Şabran dənizi” adlandıra bilər. Abşeron Xəzərin düz ortasına düşdüyü və yarımada şəklində dənizin içinə girdiyi üçün, bəlkə də Xəzərin adının “Abşeron dənizi” qoyulması Neftçala və Lənkəran camaatının xətrinə dəyməz.
Beləcə, hazırda üç adı (Xəzər, Kaspi, Mazandaran) olan dənizin adları absurda qədər çoxalar, dünya ictimaiyyəti bilməz bu yetim dənizi (dünya okeanına çıxışı olmadığına görə) xəritələrdə necə adlandırsın.
Göründüyü kimi, ağayi Fazili çox sarsaq təşəbbüslə çıxış edib. Əslində sözügedən göl\dənizdə sabitlik, əmin-amanlıq olsa, hər dövlət öz payına düşən sektorda qaxılıb otursa, adın elə bir önəmi yoxdur.
Ona qalsa, dünyada belə mübahisəli adlar çoxdur. Məsələn, iranlıların və dünyanın yarısının “Fars körfəzi” adlandırdığı su hövzəsinə ərəblər və dünyanın o biri yarısı (təkcə ərəblərin 20 dövləti var) “Ərəb körfəzi” deyirlər. Bu, ona görə belədir ki, körfəzin o sahilindən baxanda elə görünür, bu sahildən baxanda – belə.
Keçən ilə qədər Karib dənizinin məşhur körfəzlərindən biri “Meksika körfəzi” adlanırdı, Tramp prezident olandan sonra dirəşdi ki, ora “Amerika körfəzi” adlandırılmalıdır. İndi öz ölkəsinin xəritəçəkənləri və jurnalistləri həmin yeri “Amerika körfəzi” kimi qeyd edirlər. Trampın xətrinə bəzi ölkələr də elə deyirlər. Amma Meksikanı nüvə zərbəsi ilə hədələsən də, o körfəzə “Meksika körfəzi” deyib-duracaq. Çünki bu, namus-qeyrət, heysiyyat məsələsidir.
Burdan-bura biz Qafqazın ən böyük çayına Kür deyirik, amma gürcülər – Mtkvari. Çaya dair rusca vikipediyada yazılır ki, Kür öz mənbəyini erməni dağlarından götürür. Yeri gəlmişkən, həmin dağ Türkiyədə Ağrı, Ermənistanda Ararat adlanır. Bu da mübahisəli məsələdir. Hərdən sosial şəbəkədə buna görə qırğın düşür, ermənilərin kollektiv hikkəsi az qalır dağı yerindən oynatsın. Möhkəm dağdır, tərpənmir. Himalayın üstündə bu qədər dava getsə, indiyə təpəyə dönmüş olardı.
Bu sarıdan Aralıq dənizinin bəxti gətirib. Aralıqda qalmış dəniz olduğuna görə ona çıxışı olan ölkələrin hərəsi bir ad deyir: ingilislər – Mediterraneum, ruslar – Sredizemnoe more, yunanlar - Mesógeios Thálassa, Anadolular – Akdeniz, yəhudilər - HaYam HaTikhon, İspanlar - Mar Mediterráneo, albanlar - Deti Mesdhe. Ərəblərin Aralıq dənizinə verdiyi ad daha diləyatımlıdır: el-bahr el-abyaD el-mutawassit. Akdenizdən başqa, o biri kəlmələrin hamısının tərcüməsi “aralıq” mənası verir. Amma deyilənə görə, o biri ölkələrin sahillərində də Ağ dənizin suyu dumdurudur və axşamları bir başqa olur, hələ bir də aylardan iyul isə - bam-başqa.
İranlılar Xəzərə nə qədər “dəryayi Mazandaran” deyirlər, desinlər, dənizin adı dünya xəritəsində “Kaspi” kimi qeyd olunacaq, biz də ona Xəzər deməkdə davam edəcəyik. Çünki bu ad bizə çox doğmadır - hər küçədə, qəsəbədə, kənddə Xəzər adlı kişilər var.
Bir də Mazandaran şiri, pələngi ilə tanınan vilayətdir, sovet vaxtı “Mazandaran pələngi” adlı bir film də vardı. Amma qəribədir ki, son vaxtlar bu vilayətdə çaqqallar yenə çoxalıblar və vaxtşırı vaqqıldaşırlar.
Tehsil-press.az