Tarixi ədalət bərpa edildi

Tarixi ədalət bərpa edildi Nəhayət ki, 27 illik intizara, erməni işğalına son qoyuldu və ölkəmizin ərazi bütövlüyü təmin olundu. ATƏT-in Minsk qrupu həmsədrlərinin gah “irəliləyiş” işartıları, gah durğunluq, gah da “pozitiv“ əlamətlər müşahidə olunan, əslində isə “status-kvo” nağıllarından ibarət fəaliyyətlərinə də ehtiyac qalmadı. Bu illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altındakı bütün ərazilərindən ermənilərin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərən mənfur qonşularımızın layiqli cavabı verildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi ədaləti bərpa etdi. İşğal etdikləri torpaqlarımızda “keçilməz sədlər” quran və bu əraziləri qaytarmağı ağıllarına belə gətirməyən erməni liderlərinə strateji təmkin nümayiş etdirən, Azərbaycanın əzəli torpaqlarını işğaldan azad edəcəyinə bir an belə şübhə etməyən, yeni çağırışlara adekvat cavab verməyə qadir olan müasir dövlət, xüsusən ordu quruculuğuna ciddi önəm verən Azərbaycan Prezidentinin istər cəbhə, istərsə də diplomatiya sahəsində uğurlu addımları ermənilər üçün faciəvi oldu.
Bu fikirləri Azərbaycan Turizm və Menecment Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri Cənnətxan Eyvazov söyləyib.
“Döyüşlər təkcə cəbhədə getmirdi. Bizim hər birimiz kompromissiz informasiya müharibəsinin – Prezidentimizin dünyanın media nəhənglərinə müsahibələrinin, dövlətimizin başçısının ona “prokuror tonunda” verilən, bəzən açıqdan-açığa təxribat xarakterli suallara necə təmkinlə cavab verdiyinin dəfələrlə şahidi olmuşuq. Qırx dörd gün davam edən Vətən müharibəsində Qələbə uğrunda mübarizə bizim daha bir xüsusiyyətimizi – insanpərvərliyimizi qabarıq şəkildə göstərdi. Prezidentimizin müdrik qərarı bir daha göstərdi ki, onun üçün ən qiymətli insan həyatıdır. Müzəffər Ali Baş Komandan ordumuzun şəksiz qələbə əzminə, dalbadal əldə olunan qələbələrə baxmayaraq bütün müsahibələrində, bəyanatlarında, xalqa müraciətlərində təkrar-təkrar qeyd edirdi ki, Ermənistan rəhbərliyi reallıq müstəvisinə qayıdarsa, dərhal hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin nə yazıq ki, erməni rəhbərliyinə comərdlik, insanpərvərlik yad anlayışlardır. Görünür, onlar üçün ən təsirli arqument Azərbaycanın cəngavər ordusunun Şuşa əməliyyatı oldu. Bir sıra hərbi ekspertlər şanlı ordumuzun 44 günlük qələbə yürüşündən danışarkən təəccüblərini gizlətmir, bu əməliyyatın hərbi təhsil ocaqlarında tədris olunacağına əminlik ifadə edirdilər. ATƏT-in Minsk qrupunun sabiq həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayza tərəflər arasında noyabrın 10-da imzalanmış bəyanata münasibət bildirərkən son hadisələr kəsiyində Prezidentimizin incə diplomatik gedişlərinin diplomatiya dərsliklərinə layiq olduğunu qeyd edib. Bütün bu reallıqlar qəlbimizi fərəhlə doldurur, hər birimizi dinc quruculuq prosesində – sənayedə, kənd təsərrüfatında, idmanda, elmdə, təhsildə də hərbdə olduğu kimi qələbələrə səsləyir. Nəhayət, Prezidentimizin son vaxtlar dillər əzbəri olmuş “Qarabağ Azərbaycandır!” kəlməsi artıq çağırış yox, şirin bir reallığın ifadəsidir. Bəli, Qarabağ Azərbaycandır!”, - deyə Cənnətxan Eyvazov fikrini yekunlaşdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər