Azərbaycan Dillər Universiteti: Dünya ölkələrinin erməni təxribatları barədə məlumatlandırılması işi davam edir

Azərbaycan Dillər Universiteti: Dünya ölkələrinin erməni təxribatları barədə məlumatlandırılması işi davam edir Azərbaycan Dillər Universiteti (ADU) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən dünya ölkələrinin müxtəlif strukturlarının erməni təxribatları haqqında məlumatlandırılması işi uğurla davam edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının rəhbəri Robert Mobili, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Salman Musayev, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının nümayəndəsi Zaur Orucov, Azərbaycan Gürcü Yəhudiləri İcmasının rəhbəri Abik Çarukçiyev BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ediblər.
Multikulturalizm Mərkəzinin xarici əməkdaşları Azərbaycanı Vətən müharibəsində dəstəkləyən tədbirlər həyata keçirib. Mərkəzlə əməkdaşlıq edən bir qrup şəxs – Piter Teys (ABŞ), Beqimai Muratova (Qırğızıstan), Klement Ngueto (Kameron), İmran Srebreikoviç (Xorvatiya), Marina Qonçaruk (Ukrayna), İrina Kovzanoviç (Estoniya), Hasan Ali (Almaniya), Yulia Qupalik (Rusiya) və Joao Mastre (Portuqaliya) videoçarx hazırlayaraq sosial şəbəkələrdə yayılmasını təmin ediblər.
Azərbaycan multikulturalizmi fənninin xarici universitetlərdə tədrisi layihəsi çərçivəsində Sri Sri Universitetində (Hindistan) professor Kənan Məmmədov, Hokkaydo Universitetində (Yaponiya) professor Əlibəy Məmmədov, Erciyez Universitetində (Türkiyə) professor Qafar Mehdiyev, Aleksandro İoan Kuza Universitetində (Rumıniya) professor Lüdmila Bejenaru, Braziliya Universitetində (Braziliya) dosent İrina Kunina, Sofiya Universitetində (Bolqarıstan) müəllim Sofiya Şiqayeva və Kiyev Milli Universitetində müəllim Mariya Qonçaruk dərslərin birini Azərbaycanın Vətən müharibəsi mövzusuna, ölkəmizin əzəli torpaqlarının işğaldan azad olunmasına həsr edərək açıq mühazirələr keçiriblər.
ADU-da fəaliyyət göstərən mərkəzlərin, institutların, elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, eyni zamanda, tələbələr, magistrlər, doktorantlar və digər strukturların əməkdaşları müxtəlif dövlət başçılarına, beynəlxalq qurumlara, media orqanlarına, elm xadimlərinə işğalçı Ermənistanın ekoloji terroru, informasiya təxribatları haqqında məktublar göndərirlər.
Universitetdə əməkdaşlar və tələbələr tərəfindən yaradılmış qərargahdan indiyədək 1500-ə yaxın məktub göndərilib. Son günlər göndərilən məktubların məzmununu Fransa senatının Azərbaycanın işğaldan azad etdiyi tarixi əraziləri ilə bağlı tutduğu ədalətsiz mövqe, erməni vandalizmi, ekoloji terror və s. təşkil edir.
Ümumilikdə göndərilən məktubların sayı isə 3 minə yaxındır. Məktublara göndərilən cavablarda müəlliflər Azərbaycanın haqlı mövqeyini müdafiə edir, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər.
Bundan başqa ADU-nun rektoru və universitet kollektivi adından Fransa Parlamentinə etiraz məktubu ünvanlanıb, ali təhsil ocağının Fransa səfirliyi ilə birgə keçirilməsi nəzərdə tutulan konfransı təxirə salınıb.
Qeyd edək ki, məktublar ingilis, rus, macar, İndoneziya, ivrit, serb, fransız, alman, ispan, italyan, yapon, Koreya, Norveç, İsveç, dan, ərəb və s. dillərdə yazılır.

Tehsil-press.az



Oxşar xəbərlər