30 il ərzində ATƏT Ermənistana heç bir təyziq göstərməyib - Deputat

30 il ərzində ATƏT Ermənistana heç bir təyziq göstərməyib - Deputat Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribat düşmən ölkənin acınacaqlı və biabırçı məğlubiyyəti ilə başa çatdı. Belə ki, bu təxribata cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması və işğlaçı ölkə üçün kapitulyasiya aktı kimi dəyərləndirilən üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Beləliklə, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, özü də buna güc yolu və siyasi vasitələrlə nail oldu. Yəni, Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla bu problemi həll etdi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, ölkəmizin bu qələbəsi ilə həm də Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub:
“Amma bilindiyi kimi ATƏT-in Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı, yaxud da oynamaq istəmədi. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul ed ərkən bildirdiyi kimi Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”.
Deputatın sözlərinə görə, ötən müddət ərzində həmsədrlərin bu cür davranışı ortaya bir sıra haqlı suallar çıxarıb:
“Məsələn, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? Görəsən həm də BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü olan üç həmsədr ölkə işğalçıya təzyiq göstərməyə bacarmadı, yoxsa sadəcə bunu istəmədi? Lakin bu suallar artıq necə deyərlər öz əhəmiyyətini itirib və münaqişə həll olunub. Özü də yuxarıda vurğuladığımız kimi Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Düşünürəm ki, bu bir tərəfdən “hərbi variant yoxdur” deyənlərə gözəl bir cavab oldu, digər tərəfdən isə bəlli oldu ki, onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Ancaq Azərbaycan göstərdi ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Yəni, Azərbaycan haqlı olduğunu göstərdi”.
Beləliklə, cənab Prezidentin bəyan etdiyi kimi Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar”.
V.İskəndərov ATƏT-in Minsk qrupunun həmsədrlərinin bundan sonra hansı istiqamətdə fəaliyyət göstərə biləcəklərinə dair fikirlərini də dilə gətirib. Deputatın fikrincə artıq status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə ATƏT-in Minsk qrupunun həmsədrləri regionda yeni reallığa yuğun olaraq xalqların sülhə hazırlanması, etimad quruculuğu, etnik barışığın təmin olunması, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola bilər:
“Hesab edirəm ki, onlar buna uyğun olaraq yeni fəaliyyət proqramı ortaya qoymalıdır. Amma bundan öncə fərdi olaraq Minsk qrupu üzv dövlətləri, xüsusilə Fransa qərəzli mövqeyini kənara qoymalı və neytral tərəf olduğunu sübut etməlidir. Eyni zamanda Minsk qrupu prosesində iştirak edən 11 dövlətin hamısı o cümlədən Türkiyə bu prosesdə yaxından iştirak etməlidir. Hər hansı diskriminasiya və ya prosesin siyasi inhisara alınması baş verməməlidir. Bir sözlə, nəzərə alsaq ki, Minsk qrupu həmsədrlərinin bu səfəri onların öz təşəbbüsləri ilə olub, yəni onlar Azərbaycana dəvət edilməyib, o zaman həmsərdlər heç olmasa bundan sonra tərəfsiz olacaqlarını real işləri, təklifləri ilə sübut etməlidirlər”.

Tehsil-press.az

Oxşar xəbərlər