ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə Macarıstanın “Nailiyyət” ordeninə layiq görülüb

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə Macarıstanın “Nailiyyət” ordeninə layiq görülüb ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə Macarıstanın “Nailiyyət” ordeninə layiq görülüb.
Dekabrın 11-də Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ordeni Fariz İsmayılzadəyə təqdim edib.
Macarıstan Prezidenti Yanoş Aderin qərarı ilə təltif edilən F.İsmayılzadə Macarıstanın mədəni, təhsil, elmi və diplomatik əlaqələrinin genişləndirilməsində və möhkəmləndirilməsində əhəmiyyətli xidmətlərinə görə bu ordenə layiq görülüb.
ADA Universiteti Azərbaycan və Macarıstan arasında elmi əlaqələrin inkişafında vacib rol oynayır. Universitet Macarıstanın Dövlət Qulluğu Universiteti, "Pécs", "Debrecen", " ELTe" və "Corvinus" universitetləri də daxil olmaqla beş universitetlə əməkdaşlıq anlaşmaları imzalayıb. İndiyədək ADA-nın 41 tələbəsi bu əməkdaşlıqdan yararlanaraq tərəfdaş universitetlərdə təhsil alıb. 15 macar tələbə isə ADA Universitetində həm əyani olaraq, həm də mübadilə proqramında iştirak edərək təhsil alıb. ADA Universitetinin Macarıstanın ölkəmizdəki səfirliyi ilə sıx əlaqələri, müəllim və işçi heyətinin mübadiləsi və ADA-da macar dilinin tədrisinə başlanılması genişlənən əməkdaşlıq imkanlarını əks etdirir. 2020-ci ildə “Rəqəmsal Macarıstan” forumu da daxil olmaqla bir neçə ortaq elmi konfranslar təşkil edilib.
Xatırladaq ki, Azərbaycan-Macarıstan əlaqələrinin inkişafındakı, mədəni və elmi sahədə münasibətlərin möhkəmləndirilməsindəki müstəsna xidmətlərinə görə ötən il ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Macarıstanın “Xidmətlərinə görə” ordeni ilə təltif edilib.
"Həm diplomatiya, həm də təhsil sahələrindəki əməkdaşlığımız dost xalqlarımız arasındakı münasibətlərin inkişafına xidmət edir", - deyən prorektor F.İsmayılzadə ADA ilə Macarıstan universitetləri arasında əlaqələrin daha da genişləndiriləcəyini bildirib.
Macarıstan səfirliyindən bildirilib ki, səfirlik F.İsmayılzadənin ölkələrimizin, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşdırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir.

Tehsil-press.az

Oxşar xəbərlər