BDU-da kitabxanaşünas alim Abuzər Xələfova həsr edilən elmi-praktik seminar keçirilib

BDU-da kitabxanaşünas alim Abuzər Xələfova həsr edilən elmi-praktik seminar keçirilib Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə görkəmli kitabxanaşünas alim, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli Abuzər Xələfovun anadan olmasının 89-cu ildönümü münasibətilə onlayn elmi-praktik seminar keçirilib.
Fakültənin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə görkəmli alimin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı çıxışında bildirib ki, professor Abuzər Xələfov Azərbaycanda ali kitabxanaçılıq təhsilinin inkişafında, yüksəkixtisaslı kitabxanaçı kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib. O vurğulayıb ki, professor Abuzər Xələfovun xidmətləri ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən dəfələrlə ən yüksək səviyyədə qiymətləndirilib, alim dövlət təltiflərinə, orden və medallara layiq görülüb. Abuzər Xələfovun hər zaman əməlləri, sanballı elmi yaradıcılığı ilə yaşadığı diqqətə çatdırılıb.
Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov “Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq emi məktəbinin banisidir”, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Abuzər Xələfovun Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına töhfəsi”, Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazımi “Abuzər Xələfov xatirələrimdə” mövzularında məruzə ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Digər çıxış edənlər professor Abuzər Xələfovun elmi-pedaqoji fəaliyyətindən və eyni zamanda, onun parlaq şəxsiyyət kimi xarakterik xüsusiyyətlərindən, xeyirxah əməllərindən danışıblar.
Sonda Abuzər Xələfovun ailəsi adından çıxış edən oğlu Elçin Xələfov atasının xatirəsinə, elmi-pedaqoji fəaliyyətinə göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və seminarın iştirakçılarına təşəkkürünü bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər