BDU-da Əziz Mirəhmədovun 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib

BDU-da Əziz Mirəhmədovun 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun 100 illik yubileyinə həsr edilmiş “Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda onlayn Respublika elmi konfransı keçirilib.
Konfransda universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev tədbirin Prezident İlham Əliyevin “Əziz Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2020-ci il 28 fevral tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb.
Prorektor deyib ki, Əziz Mirəhmədovun bütünlüklə irsinin tədqiqinin əhəmiyyəti, onun kitab və kitabxana mədəniyyəti sahəsindəki sanballı araşdırmaları nəzərə alınaraq görkəmli alimin 100 illik yubileyi münasibətilə mühüm elmi nəticələri müzakirə etmək məqsədilə BDU-da “Azərbaycanda kitab və kitabxana mədəniyyəti” mövzusunda Respublika elmi konfransının keçirilməsi haqqında qərar qəbul olunub.
Konfrans işini Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Bayramovun moderatorluğu ilə davam etdirib. Plenar iclasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Aygün Bağırlı “Əziz Mirəhmədov - görkəmli ədəbiyyatşünas və mətnşünas alim kimi”, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova “Əziz Mirəhmədov və Azərbaycanda kitab və kitabxana mədəniyyəti”, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri Məmmədəli Babaşlı “Azərbaycanda kitab və kitabxana mədəniyyətinin inkişafında məscid və mədrəsə kitabxanalarının rolu”, BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Əziz Mirəhmədov və Azərbaycan biblioqrafiya mədəniyyəti”, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Əziz Mirəhmədovun fəaliyyətində mətnşünaslığın və kitabşünaslığın elmi-nəzəri problemləri” mövzularında məruzə ilə çıxış ediblər.
Sonra konfrans bölmə iclası ilə davam edib, çoxsaylı məruzələr dinlənilib. Məruzələrdə ədəbiyyatşünaslıq, mətnşünaslıq, kitab və kitabxana mədəniyyəti sahələrini əhatə edən aktual məsələlər öz əksini tapıb.

Tehsil-press.az

Oxşar xəbərlər