Onlayn elmi seminar: Kitabxana-informasiya fəaliyyətinin inkişafında kitabxana birliklərinin rolu

Onlayn elmi seminar: Kitabxana-informasiya fəaliyyətinin inkişafında kitabxana birliklərinin rolu Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Kitabxana-informasiya fəaliyyətinin inkişafında kitabxana birlikləri və peşəkar assosiasiyaların rolu” mövzusunda onlayn elmi seminar keçirilib.
Onlayn tədbirdə fakültə dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı bu gün BDU-da elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi istiqamətində mühüm addımlar atıldığını qeyd edib. O deyib: “Ali təhsil ocağında bu istiqamətdə həyata keçirilən islahatlar və müəyyənləşdirilmiş inkişaf strategiyasının təhlili deməyə əsas verir ki, Bakı Dövlət Universiteti yaxın gələcəkdə təhsilin səviyyəsinə, eyni zamanda, elmi tədqiqatların məzmununa görə beynəlxalq reytinq agentliklərinin siyahısında daha ön yerləri tutacaq, nüfuzlu tədqiqat universitetinə çevriləcək”.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov seminarda qoyulan mövzunun aktuallığından danışıb. O, işğaldan azad edilmiş ərazilərimizdə kitabxana sisteminin yenidən qurulmasından bəhs edərək bu prosesdə Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşlarının iştirakının vacib olduğunu vurğulayıb.
Seminarda Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının professoru Xəlil İsmayılov “Kitabxana-informasiya fəaliyyətinin inkişafında kitabxana birlikləri və peşəkar assosiasiyaların rolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə, həmçinin Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyasının həyata keçirdiyi mühüm layihələr, eyni zamanda, bu sahədə olan beynəlxalq əməkdaşlıq məsələləri öz əksini tapıb.
Sonra məruzə ətrafında müzakirələr aparılıb. Kafedra müdirləri Nadir İsmayılov, Knyaz Aslan, Sevda Xələfova və başqaları məruzələrlə bağlı fikirlərini bildiriblər.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan tədbir çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər