İran Azərbaycana qarşı ermənipərəst məkrli planlarını işə salır

İran Azərbaycana qarşı ermənipərəst məkrli planlarını işə salır İranın Ali dini lideri Seyidəli Xamneyinin Ərdəbil əyalətində nümayəndəsi Seyid Həsən Amuli 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə alternativ olan “dünya müsəlman azəriləri günü” mərasimində İranı “dünya azərbaycanlılarının ikinci vətəni” adlandırıb. Amuli Şah İsmayıl Səfəvi Fondunun yaradıldığını elan edib. “Bütün dünya ələviləri Şah İsmayıl dövrünün ələvilərinin izi ilə getməlidir. Bu isə İran ali rəhbərinin liderliyi ilə mümkündür”-Amuli belə deyib.
İranda bütöv Azərbaycan dövlətinin banisi Şah İsmayıl Xətaiyə münasibət birmənalı deyil. Fars şovinistləri türkçəni dövlət dili səviyyəsinə yüksəltmiş azərbaycanlı hökmdarı sevmir. Belə olan halda Şah İsmayılı yenidən gündəmə gətirməkdə məqsəd nədir?
“Dünya azərbaycanlılarının əsas ümid yeri yalnız Azərbaycan Respublikasıdır”
Məsələ ilə bağlı Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında deyib ki, molla rejimi türklərə qarşı ənənəvi siyasətini davam etdirir:
“İslam rejimi açıq aşkar azərbaycanlılığa, türklüyə qarşı alternativ irançılq, ariançılıq siyasətini davam etdirir və bu istiqamətdə ən güclü silah kimi məzhəbçilikdən istifadə edir. Bu baxımdan molla rejiminin başında dayanan ariançıların, irançıların bir yandan "dünya müsəlman azərilər günü" keçirməsi, digər tərəfdən İranı dünya azərbaycanlılarının ikinci vətəni adlandırmaları birmənalı şəkildə Azərbaycan Respublikasına qarşı düşmənçilik mövqeyidir.
Bu gün Dünya azərbaycanlılarının əsas ümid yeri yalnız Azərbaycan Respublikası, Vətəni isə Bütöv Azərbaycandır. Tarixdən məlumdur ki, nəinki Bütöv Azərbaycan, heç Xorasan, Türkmənsəhra və digər ərazilər də İrana aid olmayıb və Turanın mərkəzi və ya da bir parçası olublar. İran deyilən Area adı altında indiki Əfqanıstan, Tacikistanın müəyyən bir hissəsi olub, daha sonra da Elama aid Parsua da yerləşiblər.
Parsua isə indiki Kəngər körfəzi yaxınlığındakı kiçik bir ərazi olub. Yəni demək istəyirəm ki, Azərbaycan, o cümlədən Güney Azərbaycan heç bir zaman Iran coğrafiyasına aid olmadığı kimi, azərilərin də Güney Azərbaycan türklərinə heç bir dəxli yoxdur. Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin təbirincə desək, Azərbaycan türkdür və Türk dünyasına, Turan coğrafiyasına aiddir. Vaxtilə Əli bəy onu da doğru deyirdi ki, farslarla türkləri bir arada tutan isə islam dinidir, əgər farslar bu dindən uzaqlaşıb ata baba dinləri hesab etdikləri zərdüştlüyə üz tutarlarsa , o zaman bu birgəlik bitəcək”.
“Məqsəd Türkiyə və Azərbaycana problem yaratmaqdır”
Faiq Ələkbərli hesab edir ki, Güney Azərbaycanda fars şovinistlərini bu hiyləgər siyasətinə etirazlar başlamalıdır: “Din adı altında əslində zərdüştlüyü təbliğ edən, üstəlik Səfəvilərin qızılbaşlıq ideyasını tamamilə təhrif edən farslara Güney Azərbaycan türkləri etiraz aksiyalarına başlamalıdırlar. Çünki molla rejimi açıq aşkar məzhəbçiliklə türklüyü və özəlliklə də Türkiyə və Azərbaycan türklüyünü üz üzə qoymaqdadır.
Başqa sözlə, İran islam rejimi Şah İsmail Səfəvi fondunu yaradıb dünya ələvilərini birləşməyə çağırmaqda məqsədləri Türkiyə və Azərbaycan dövlətlərinə problem yaratmaq niyyətindədir. Üstəlik, molla rejimi bunun arxasında olacağına da işarə edir. Bununla da, Tehran Azərbaycan və Türkiyəyə demək istəyir ki, Güney Azərbaycandan əl çəkin. Əks təqdirdə Türkiyə və Azərbaycandakı ələviləri, ya da şiə təəssübkeşlərini sizlərə qarşı qaldıracağam”.
“Molla rejimi türk birliyindən narahatdır”
Tarixçi alim hesab edir ki, Türkiyə və Azərbaycan dövlətləri bir yerdə İran islam rejiminin təxribatçılıq siyasətinə qarşı mübarizə aparmalıdır: “Hər halda İran islam rejimi 44 günlük Azərbaycan Ermənistan müharibəsindən sonra çox narahatdır. Bu müharibədən Azərbaycanın böyük ölçüdə qalib çıxması ilə İran islam rejimi məzhəbçilik məsələsini gündəmə gətirməklə Azərbaycan Türkiyə birliyini və bu dövlətlərin güclənməsinin qarşısını almaq niyyəti güdür.
Çünki artıq Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı “maşa” kimi istifadəsi bir qədər arxa plana keçib. Azərbaycan və Türkiyə məzhə məsələsində doğru siyasət yürütməklə İran islam rejimini zərərsizləşdirməlidir.
Bunun üçün də, Güney Azərbaycan faktorundan daha güclü şəkildə istifadə etmək artıq hər iki dövlət üçün bir zərurət halına gəlib. İmkan vermək olmaz ki, molla rejimi sadə insanların inanclardan sui istifadə edib, Güney Azərbaycan faktorunu unutdurmağa çalışsın. Tam əksinə, Azərbaycan və Türkiyə bir yerdə, daha güclü şəkildə həm ələvilik, həm də Güney Azərbaycan məsələlərini öz nəzarəti altında saxlamağa çalışmalıdır.
Bunun üçün də Azərbaycan və Türkiyə həm elm sahəsində, həm də hərbi birlik məsələsində daha da güclü əlaqələr yaradıb, bölgənin əsas söz sahibi olmağa davam etməlidirlər”.

Tehsil-press.az



Oxşar xəbərlər