Paytaxt müəllimləri üçün onlayn təlim keçirilib

Paytaxt müəllimləri üçün onlayn təlim keçirilib Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin müəllimləri üçün təbiət elmlərinə dair onlayn təlim keçirilib.
Bakı və İzmir Təhsil idarələrinin birgə əməkdaşlığı nəticəsində keçirilən təlimin əsas məqsədi təbiət elmləri fənlərinin tədrisində müasir təlim texnologiyalarından istifadə, dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunması üçün beynəlxalq təcrübənin öyrənilməsi, müəllimlərin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsidir.
Təlim Ege Universitetinin dosentləri Hasan Ali Dal və Esin Sipahi tərəfindən həyata keçirilib.
“Ulduzlar və göy üzü” mövzusunda keçirilən təlimdə 300-ə yaxın müəllim iştirak edib.
Təlim zamanı təbiət elmlərinin tarixi, strukturu, predmetləri, tədqiqat üsulları barədə geniş məlumat verilib. Təlimin sonunda ümumi təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətlərinə dair səmərəli fikir mübadiləsi aparılıb, müəllimlərin sualları cavablandırılıb.
Bakı və İzmir Təhsil idarələrinin birgə əməkdaşlığı çərçivəsində müvafiq digər mövzular üzrə təlimlərin davam etdirilməsi nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər