BMU-da akkreditasiya qiymətləndirilməsinə həsr olunan seminar

BMU-da akkreditasiya qiymətləndirilməsinə həsr olunan seminar Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin təşkilatçılığı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) onlayn seminarı təşkil olunub.
Seminarın keçirilməsində məqsəd yeni redaksiyada təsdiq olunmuş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən akkreditasiya qiymətləndirilməsini həyata keçirəcək Akkreditasiya Komissiyalarının fəaliyyətində ekspert kimi iştirak etməyin əhəmiyyəti və tələblərinə dair məlumat vermək olub.
“Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda baş tutan seminarda BMU-nun müəllimləri iştirak ediblər.
Tədbirdə TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov geniş təqdimatla çıxış edib. Qeyd edib ki, agentliyin fəaliyyət istiqamətləri təhsil müəssisələrinin akkreditasiyasını, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini, həmçinin peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi, tanınmasını həyata keçirməkdir.
Yeni akkreditasiya qaydalarından danışan şöbə müdiri keyfiyyətin təminatı sisteminə də toxunub. O, agentliyin formalaşdırdığı “Ekspert bankı”na seçilmiş şəxslər üçün keyfiyyət təminatı proseslərində qiymətləndirici qismində iştirak məqsədilə müvafiq təlimlərin təşkil olunduğunu və sertifikatlaşdırıldığını diqqətə çatdırıb. A.İlyasov komissiyanın tərkibi, ekspertlərə qoyulan tələblər, ekspertin komissiyadakı fəaliyyəti barədə də iştirakçılara ətraflı məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər