Bakı Slavyan Universitetində "28 May 1918-ci il - Şərqdə doğan ilk Cümhuriyyət günəşi" adlı dəyirmi masa keçirilib

Bakı Slavyan Universitetində Bakı Slavyan Universitetində (BSU) bu ali təhsil müəssisəsi rəhbərliyinin dəstəyi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunan "28 May 1918-ci il - Şərqdə doğan ilk Cümhuriyyət günəşi" adlı onlayn dəyirmi masa keçirilib.
Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin, Məhəmməd Əmin Rəsulzadənin, Azərbaycan Xalq Cümhuriyyətinin digər liderlərinin, eləcə də ölkəmizin ərazi bütövlüyü və dövlət müstəqilliyimiz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ili tamam olur. Hazırda Azərbaycanda və dünyanın bir çox xarici ölkələrində 28 May - Respublika Günü münasibətilə müxtəlif tədbirlər keçirilir. Bugünkü tədbir də şərəf və qürur tariximiz olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilib. Xanım Sultanova müəllim və tələbələri Respublika Günü münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.
Prorektor qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi hadisə olub. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb və milli dövlətçilik ənənələrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlament tipli respublika idi. Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Azərbaycanın dövlət sərhədləri müəyyənləşdirilib, dövlət bayrağı, himni və gerbi qəbul edilib, ana dilimiz dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər reallaşdırılıb, elm və təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk dünyəvi ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti təsis edilib, təhsil sahəsi milliləşdirilib və xalqımızın sonrakı illərdə elmi-mədəni yüksəlişi üçün zəmin hazırlayan sanballı işlər görülüb. Lakin çox təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti xarici hərbi müdaxilə nəticəsində süquta uğradı. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi və ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Müasir dövrümüzdə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçiliyimiz tarixindəki rolu həmişə xatırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmişə milli dövlətçilik tariximizin şanlı və parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, Cümhuriyyət liderlərinin xatirəsinə böyük diqqət və hörmətlə yanaşırlar.
Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi hamımıza böyük sevinc, qürur hissi yaşadır. Məhz bu böyük tarixi Qələbə nəticəsində xalqımız bu il 28 May - Respublika Gününü yüksək əhvali-ruhiyyədə qeyd edir.
Xanım Sultanova vurğulayıb ki, qədirbilən xalqımız bu şərəfli və şanlı bayramda canlarını Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda qurban vermiş bütün şəhidlərimizin, o cümlədən Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Şəhidlər xalqımızın qəhrəmanlıq rəmzi, qeyrət salnaməsidir. Azərbaycan xalqının Vətən müharibəsində böyük tarixi Qələbə qazanmasında şəhidlərimizin misilsiz xidmətləri var. Xalqımızın qəhrəman şəhid övladlarının canı, qanı bahasına, eləcə də igid əsgər və zabitlərimizin cəsarəti, hünəri, mərdliyi sayəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü təmin edildi. Vətən müharibəsinin şəhidləri öz adlarını xalqımızın tarixinə əbədi yazdılar. Şəhidlərimizin xatirəsi həmişə bizim üçün əzizdir, ucadır, yüksəkdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmişə şəhid adını uca tutur, onların ailələrinə, eləcə də Vətən müharibəsi iştirakçılarına və bu qəbildən olan bütün vətəndaşlara ali diqqət və qayğı göstərirlər.
Qeyd edilib ki, BSU-nun 100 nəfərə yaxın məzunu Vətən müharibəsində fəal iştirak edib. BSU-nun 3 məzunu - Nicat Ayaz oğlu Şükürlü, Kənan Yalçın oğlu Rüstəmli və Elnur Əli oğlu Allahverdizadə döyüşlərdə qəhrəmancasına şəhid olublar. BSU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbə-gəncləri və əməkdaşları daim onların xatirəsini əziz tutur. BSU-da şəhidlərlə bağlı yaradılmış guşə də bu hörmət və ehtiramın əyani sübutudur. Həmin guşədə BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbəsi Elvin Mirzəyevin atası, şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin və Tərcümə fakültəsinin tələbəsi Xanış Sadıqovun atası, şəhid polkovnik-leytenant Yaşar Sadıqovun da şəkilləri yer alıb.
Dəyirmi masada THİK-nın Pedaqoji fakültə üzrə sədri Aygün Hüseynova Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı slayd təqdim edib.
Sonra tədbirdə çıxış edən Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov və həmin kafedranın baş müəllimi Məhərrəm Səfərov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyət göstərdiyi tarixi-siyasi şərait, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin göstərdikləri böyük tarixi xidmətlər barədə geniş məlumat veriblər. Onların çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti elmi-tarixi faktlar əsasında ətraflı təhlil edilib.
Tədbirin moderatoru, THİK sədri Əkrəm Mirzəzadə dəyirmi masanın təşkil edilməsinə verdiyi dəstəyə görə BSU-nun rəhbərliyinə təşəkkür edib.

Tehsil-press.az


Oxşar xəbərlər