Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoyub

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoyub Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirin keçirilməsinin məqsədi Şərqdə ilk demokratik respublika sayılan AXC-nin yaranmasının tarixi əhəmiyyəti, ölkəmizin dövlət müstəqilliyi, mədəniyyəti haqqında elmi-nəzəri, praktik bilgiləri genişləndirmək və bu sahəyə gənc tədqiqatçıları cəlb etmək olub.
Konfransın birinci mərhələsi online formatda Azərbaycan, türk, rus, ingilis dillərində təşkil olunub.
Tədbir çərçivəsində “Azərbaycan Demokratik Respublikasının yaranma tarixi”, “Azərbaycan Demokratik Respublikasının ilkin hakimiyyət dövrü”, “Azərbaycan Demokratik Respublikasının Müstəqillik Bəyənnaməsi”, “Azərbaycan Demokratik Respublikasının görkəmli şəxsiyyətləri”, “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti və diplomatik əlaqələri”, “Cümhuriyyətdən müstəqilliyə gedən inkişaf yolu” mövzularında məruzələr dinlənilib.
Diqqətə çatdırılıb ki, cəmi 23 ay yaşamasına baxmayaraq AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirib, respublikamızın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb. Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Sərəncamını xatırladan məruzəçilər 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xalqımızın həyatında misilsiz hadisə kimi dəyərləndirib.

Tehsil-press.az

Oxşar xəbərlər