Deputat: “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan edilməsi Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir

Deputat: “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan edilməsi Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident İlham Əliyevin milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir.
H.Babaoğlu bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən mühüm həlqələrindən birini təşkil edir.
Millət vəkili əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsasları müəyyənləşdirildi:
“Bu, sonrakı mərhələdə Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması üçün mühüm əhəmiyyətə malik oldu. Əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar-avtonom vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi”.
Deputat vurğulayıb ki, AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, bu tarixə böyük diqqət və ehtiram göstərilir: “Təsadüfi deyil ki, bu gün Azərbaycanın Respublika Günü, Silahlı Qüvvələr günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd edilməlidir”.
H.Babaoğlu bildirib ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə keçiriləcək çoxsaylı tədbirlər dövlətçilik tariximizin, ənənlərimizin öyrənilməsi və təbliğ olunmasına, xüsusilə gənc nəsilin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edəcək: “Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi də məhz bu məqsədə xidmət edir”.

Tehsil-press.az

Oxşar xəbərlər