“Magistrant” dövri-elmi jurnalının ilk nömrəsi nəşr olunub

“Magistrant” dövri-elmi jurnalının ilk nömrəsi nəşr olunub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi ərəfəsində təsis etdiyi, Ədliyyə Nazirliyində mətbu nəşrlərin dövlət qeydiyyatı reyestrinə daxil edilən, beynəlxalq standart seriya nömrəli (ISSN 2788-6964) “Magistrant” dövri-elmi jurnalının ilk nömrəsi nəşr olunub.
Jurnalın ilk nömrəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, A.Bakıxanov adına Tarix İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təhsil alan magistrantların aktual elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən 30 məqalə (Azərbaycan, ingilis və rus dillərində) yer alıb.
Jurnalın baş redaktoru ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovun rəhbərliyi ilə redaksiya heyətində təmsil olunan nüfuzlu alimlərin rəyləri əsasında çap olunan məqalələr fizika-riyaziyyat, texnika, təbiət, humanitar, ictimai və pedaqoji-psixoloji elmlər sahələrini əhatə edir.
İnanırıq ki, “Magistrant” dövri-elmi jurnalı magistrantların elmi yaradıcılıq fəaliyyətlərinin genişləndirilməsinə və inkişafına töhfə verəcək, elmi-tədqiqat işlərinin nəticələrinin elmi ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq.

Tehsil-press.az




Oxşar xəbərlər