“Din araşdırmaları” jurnalının növbəti nömrəsi çapdan çıxıb

“Din araşdırmaları” jurnalının növbəti nömrəsi çapdan çıxıb Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Din araşdırmaları” jurnalının dördüncü nömrəsi çap edilib.
İldə iki dəfə nəşr olunan jurnalın yeni nömrəsində 19 məqalə yer alıb. Din sosiologiyası, din psixologiyası, təfsir, kəlam, tarix, fəlsəfə, İslam hüququ, təsəvvüfə dair elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilib. Jurnalda Azərbaycan, rus, ingilis və türk dillərində məqalələr dərc olunub.
Baş redaktoru institutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov olan “Din araşdırmaları” jurnalının məqsədi ölkəmizdə və dünyada din sahəsində tədqiqat aparan alimlərin məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. Dərginin redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin ali təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.
Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb. Jurnal 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu ali dini təhsil üzrə ixtisaslaşmış müəssisədir. İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin nəşrinə üstünlük verir. Akademik nəşrlər ali təhsil müəssisələrinin elmi fəaliyyətinin əsas göstəricilərindən biridir. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər