UNEC tələbələri “TEKNOFEST”in finalına hazırlaşırlar

UNEC tələbələri “TEKNOFEST”in finalına hazırlaşırlar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası dünyanın ən mühüm texnologiya festivallarından biri olan “TEKNOFEST”in finalına hazırlıq işlərini davam etdirir.
Bu il 32 ölkənin təmsil olunduğu yarışda UNEC komandası kənd təsərrüfatı texnologiyaları kateqoriyasında universitetlər üzrə ən yüksək nəticəni (84.50 bal) əldə edərək, finala keçən komandalar arasında birinci sırada olub.
Universitetin Rəqəmsal iqtisadiyyat fakültəsinin tələbələrindən ibarət “Azerbaijan AgroDrone” komandası “TEKNOFEST”də dron ideyasını təqdim edib. Dron vasitəsilə əkin sahələrinin suvarılması və dərmanlanması həyata keçiriləcək, beləliklə, kənd təsərrüfatında az xərclə məhsuldarlığın artırılması mümkün olacaq.
Komandanın kapitanı və layihənin rəhbəri Məhəmməd Rəhimovdur. Komandanın üzvlərindən Əli Bəşirov baş proqramçı, Samir Səfərli baş mühəndis, Samir Məmmədov, İbrahim Məmmədov, Emin Vəlizadə proqramçı, Arif Salmanzadə və Rəşad Qəribzadə isə mühəndis qismində təmsil olunurlar.
Dünyanın ən böyük texnoloji yarışlarından biri olan “TEXNOFEST”in əsas məqsədi gənclər arasında aviasiya, kosmik və texnoloji bacarıqları ortaya çıxarmaq, yeni ideya və təşəbbüsləri dəstəkləməkdir.

Tehsil-press.az



Oxşar xəbərlər