“British Council”ın yeni rəhbəri Bakı Ali Neft Məktəbində

“British Council”ın yeni rəhbəri Bakı Ali Neft Məktəbində Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “British Council” təşkilatının Azərbaycana yeni təyin olunmuş rəhbəri Frensis Qardener-Trexo və fəaliyyəti başa çatan ölkə üzrə rəhbəri Samr Şah ilə görüşüb.
Görüşdə rektor E.Qasımov rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Qeyd edilib ki, BANM-də keyfiyyətə xüsusi əhəmiyyət verilir və ölkəmizdə qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlər məhz bu ali məktəbi seçirlər. Rektor BANM-in tam olaraq ingilis dilində təhsil verməsi, Britaniya universitetləri ilə sıx əməkdaşlıq etməsi, həmçinin “Turnitin” şirkətinin plagiatlığa qarşı internet xidmətini Azərbaycanda tətbiq edən iki ali məktəbdən biri olması kimi bir çox fərqli cəhətlərini də diqqətə çatdırıb: “Biz həm yerli, həm də xarici şirkətlər üçün yüksəkixtisaslı kadrlar hazırlayırıq və məzunlarımız nüfuzlu şirkətlərdə çalışırlar. BANM Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi strategiyasını uğurla həyata keçirir”.
“British Council” və Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığa toxunan rektor BANM-in fəaliyyətə başladığı ilk illərdən bu təşkilatla ingilisdilli tədris və IELTS imtahanlarının təşkili istiqamətində tərəfdaşlıq etdiyini, həmin vaxtdan bir sıra böyük layihələrin həyata keçirildiyini vurğulayıb. E.Qasımov deyib: “British Council” hər zaman BANM-ə xüsusi diqqət ayırıb. Uğurlu əməkdaşlığımızın bir nümunəsi də iyun ayında Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində Beynəlxalq Sertifikatlı Mühasiblər Birliyinin (Association of Chartered Certified Accountants - ACCA) mərkəzinin açılmasıdır. Dünyada 5-ci olan bu mərkəzin əməkdaşlığın inkişafına töhfəsi böyükdür. Mən bundan sonra da yüksək səviyyədə əməkdaşlığın davam etdiriləcəyinə əminəm”.
Frensis Qardener-Trexo “British Council” təşkilatı ilə BANM arasındakı yüksək səviyyəli əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu diqqətə çatdırıb.
BANM-in “British Council” təşkilatının ən yaxın tərəfdaşlarından biri olduğunu vurğulayan Samr Şah deyib: “Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə Siz böyük dəstəyinizi əsirgəmədiniz. “British Council” və Bakı Ali Neft Məktəbi ilə uğurlu əməkdaşlığın bariz nümunəsidir ki, yeni rəhbərin respublikada ilk görüş keçirdiyi ali məktəb məhz BANM oldu. Təşkilatın rəhbərləri dəyişsə də ali məktəblə uğurlu əməkdaşlıq ənənələrinin inkişaf edəcəyinə, bundan sonra da bir çox böyük layihələrə imza atılacağına inanıram. Biz sizin tələbələrin IELTS imtahanı verdiyini nəzərə alaraq “British Council” təşkilatının BANM tələbələri üçün kampusda IELTS imtahanını həyata keçirməsini təklif edirik”.
Rektor bu təklifi yüksək məmnunluqla qarşılayaraq Samr Şaha fəaliyyətdə olduğu müddətdə Azərbaycan və Böyük Britaniya arasında təhsil əlaqələrinin inkişafına, həmçinin BANM ilə əməkdaşlığa töhfə verdiyinə görə təşəkkürünü bildirib.
E.Qasımov yeni rəhbərin əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini ifadə edib.

Tehsil-press.az


Oxşar xəbərlər