Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi: Elmin dayanıqlı inkişafı üzrə milli strategiya üçün təkliflər hazırlanır

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi: Elmin dayanıqlı inkişafı üzrə milli strategiya üçün təkliflər hazırlanır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti onlayn iclası keçirilib.
İclasda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Azərbaycan Milli Elmlər Akademiyasının 2021-ci il 27 may tarixli ümumi yığıncağının və Rəyasət Heyətinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” müvafiq qərarlarının icrasından irəli gələn vəzifələrdən danışıb.
Akademik qeyd edib ki, torpaqlarımızın erməni işğalından azad edilməsi, dağıdılmış ərazilərdə irimiqyaslı quruculuq işlərinə başlanılması, ölkəmizdə aparılan innovativ islahatlar, biliklər iqtisadiyyatının formalaşması, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrası, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yaradılması, enerji təhlükəsizliyinə dair layihələrin həyata keçirilməsi, dünyanın qlobal çağırışları və digər məsələlərlə bağlı Azərbaycan elminin, habelə FRTEB-in müəssisələrinin qarşısında ciddi, taleyüklü vəzifələr dayanır.
Alimin sözlərinə görə, həmin vəzifələrin həyata keçirilməsi Bölmənin elmi müəssisələrini öz kadr potensialını gücləndirmək, prioritet elmi istiqamətlərə diqqəti artırmaq, beynəlxalq elmi əlaqələri genişləndirmək və müasir elmi-texnoloji nailiyyətlərə əsaslanmaqla tədqiqatlar aparmağı zəruri edir.
Bölmənin ümumi yığıncağı tərəfindən AMEA-nın 2021-ci il 27 may tarixli ümumi yığıncağının və Rəyasət Heyətinin 2021-ci il 09 iyul tarixli “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” qərarından irəli gələn vəzifələrin Bölmənin elmi müəssisələrində geniş müzakirə olunması və təkliflərinin hazırlanaraq FRTEB-ə təqdim edilməsi barədə müvafiq qərarlar qəbul edilib.

Tehsil-press.az




Oxşar xəbərlər