AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin fəaliyyət istiqamətləri müzakirə edilib

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin fəaliyyət istiqamətləri müzakirə edilib AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclasında bölmə üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərə dair fəaliyyət proqramını təqdim edib.
Bu barədə Tehsil-press.az-a AMEA-dan məlumat verilib.
Rasim Əliquliyev bildirib ki, fizika-riyaziyyat elmlərinin missiyası təkcə yeni biliklər əldə etmək, dünya elmini zənginləşdirməkdən ibarət deyil. Müasir dövrdə digər sahələrin də lokomotivinə çevrilməkdə olan bu elmlər multidissiplinar tədqiqatlara böyük təkan verir.
Akademik xatırladıb ki, iyunun 14-də AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi və FRTEB-in büro üzvlərinin iştirakı ilə keçirilən görüşdə fizika-riyaziyyat və texnika elmləri sahəsində prioritet elmi istiqamətlər müəyyənləşdirilib, müvafiq sahənin alimləri qarşısına ciddi vəzifələr qoyulub.
Son zamanlar AMEA-da bütün sahələri əhatə edən ciddi islahatlar həyata keçirildiyini deyən alim bu tədbirlərin Prezident İlham Əliyevin ölkədə elm və təhsilin inkişafı yönündə imzaladığı sərəncam və fərmanlara adekvat olduğunu vurğulayıb. Bildirib ki, dünyanın müasir çağırışları və ölkənin strateji maraqlarına müvafiq olaraq hazırlanan yeni fəaliyyət proqramında fizika-riyaziyyat və texnika elmləri sahəsində fəaliyyətin daha da gücləndirilməsi, elmi, təşkilati, kadr və sosial məsələlərin həllində müvafiq addımlar atılması nəzərdə tutulur.
AMEA-nın vitse-prezidenti FRTEB-in fəaliyyətinə dair bir sıra təkliflərlə çıxış edərək bölmənin büro iclaslarının mütəmadi olmaqla konkret vaxtlarda keçirilməsinin, iclasların protokol və qərarlar əsasında sənədləşdirilməsi və ictimailəşdirilməsinin vacibliyini qeyd edib.
Aktual elmi-nəzəri və praktik problemlərin müzakirəsinin təşkilindən də danışan akademik diqqətə çatdırıb ki, bölmənin ümumi yığıncaqları və büro iclaslarında aparılan müzakirələrə aidiyyəti olan alim və mütəxəssislər dəvət edilməli, müzakirələrin nəticəsi olaraq təklif və tövsiyələr işlənilməlidir.
Vitse-prezident, həmçinin FRTEB və onun elmi müəssisələrinin dövlət siyasətinin həyata keçirilməsində iştirakından söz açıb. Bildirib ki, bölməyə daxil olan hər bir institut ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş milli strategiya, dövlət proqramları, eləcə də elmi-texniki ekspertiza və rəylərin hazırlanmasında fəal iştirak etməlidir.
Alim FRTEB-in elmi müəssisələrində ölkə rəhbərinin sərəncam və fərmanları, AMEA-nın ümumi yığıncağının, Rəyasət Heyətinin qərarları, eləcə də akademiyanın prezidenti və digər məsul şəxslərin tapşırıqlarının icrası ilə bağlı bir sıra məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, bölmənin büro iclaslarında tapşırıqların icra vəziyyətinin monitorinqinin nəticələri müntəzəm müzakirə olunmalı, bölmə və elmi müəssisələrdə tapşırıqların icrasına nəzarət mexanizmləri qurulmalıdır.
Akademik Rasim Əliquliyev elmi müəssisələrdə fəaliyyət göstərən əməkdaşların, alim və mütəxəssislərin AMEA Rəyasət Heyəti və SOCAR-ın təqdim etdiyi müsabiqələrdə, “Horizon 2020” və digər ölkə və beynəlxalq səviyyəli qrant layihələrdə iştirakının vacibliyini də önə çəkib.
AMEA-nın vitse-prezidenti bölmə üzrə elmi kadr hazırlığının vəziyyətindən də bəhs edib. O, FRTEB ilə digər elmi bölmələrin müəssisələri arasında multidissiplinar problemlərin müzakirəsinə həsr olunmuş birgə tədbirlərin təşkilinin zəruri olduğunu qeyd edib. Bildirib ki, elmi müəssisələrin fəaliyyətində AMEA Rəyasət Heyəti və bölmənin üzvlərinin yaxından iştirakının təmin olunması, onların illik fəaliyyət planları və hesabatlarının müzakirəsinin təşkili məqsədəuyğundur.
Elm və təhsilin inteqrasiyasının gücləndirilməsindən danışan alim bu istiqamətdə fənn olimpiadalarının keçirilməsinin, birgə konfrans və seminarların təşkilinin, dərsliklərin və tədris vəsaitlərinin hazırlanmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, orta və ali məktəblərdə alim və mütəxəssislərin tələbələrlə, gənc tədqiqatçılarla tez-tez görüşləri təşkil edilməli, baza kafedralarının fəaliyyəti genişləndirilməli, AMEA bütövlükdə ölkə üzrə təhsilin inkişafına kompleks dəstək verməlidir.
Elektron elm çərçivəsində elmi müəssisələrin fəaliyyətinin informasiyalaşdırılması ilə bağlı fikirlərini səsləndirən akademik tədqiqat fəaliyyətində İKT-nin tətbiqinin müasir dövrün tələbi olduğunu vurğulayıb. O, “AzScienceNet” şəbəkəsinin müəssisələr üzrə infrastrukturunun təkmilləşdirilməsi, inzibati-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılması ilə bağlı görüləcək işlər haqqında da məlumat verib.
Alim FRTEB və elmi müəssisələrin ictimaiyyətlə əlaqələrinin qurulması və populyarlaşdırılma istiqamətindəki fəaliyyəti barədə də danışıb. Rasim Əliquliyev bölmənin veb-saytının təkmilləşdirilməsi, əməkdaşların KİV və sosial media resurslarında fəaliyyətinin gücləndirilməsi, elmi biliklərin və yeniliklərin təbliği ilə bağlı ciddi tədbirlər görülməsinə ehtiyac olduğunu vurğulayıb.
Akademik Rasim Əliquliyev, həmçinin bölmə üzrə elmi kadr hazırlığının vəziyyəti, elmi müəssisələrin beynəlxalq əməkdaşlıq münasibətlərinin müzakirəsi, FRTEB-in elmi müəssisələri ilə ictimai təşkilatlar arasında münasibətlərin qurulmasına dair mühüm təkliflər irəli sürüb.
AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə yerinə yetirilməsi nəzərdə tutulan işlərə dair fəaliyyət proqramı ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Tədbirdə çıxış edən akademiklər Nazim Məmmədov, Telman Əliyev, Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Əminağa Sadıqov, Bilal Bilalov, Oktay Qasımov, Misir Mərdanov, Namiq Cəlilov, Oqtay Səmədov, Vaqif Quliyev, biologiya üzrə elmlər doktoru Kərim Qasımov, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva və digərləri fəaliyyət proqramına daxil olan tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, proqramda nəzərdə tutulan və bu gün müzakirə olunan məsələlər FRTEB-in fəaliyyətinin daha da gücləndirilməsində mühüm rol oynayacaq. Fəaliyyət planı bölmənin elmi müəssisələrində yeni nailiyyətlərin əldə olunması, elmi işçilərin əməyinin stimullaşdırılması, institutların maddi-texniki bazasının gücləndirilməsi və meqalayihələrin həyata keçirilməsinə təkan verəcək.
Tədbirdə, həmçinin illik hesabatların təkmilləşdirilməsi, institutlarda çalışan əməkdaşların sosial problemlərinin həlli, elmi tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi, FRTEB-nin fəaliyyətinə dair cəmiyyətə KİV vasitəsilə zəruri biliklərin çatdırılmasına dair müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər