AMEA-nın ümumi yığıncağında qarşıya qoyulan vəzifələr müzakirə edilib

AMEA-nın ümumi yığıncağında qarşıya qoyulan vəzifələr müzakirə edilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dekabrın 28-də keçirilən ümumi yığıncağında respublikamızın hər yerində olduğu kimi, akademiyada islahatların və struktur dəyişikliklərinin aparılması və 2020-2025-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin proqramı müzakirə olunub.
Bölmədə ümumi yığıncağın qərarları ilə bağlı məsələlər müzakirə olunub, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məruzəsindən irəli gələn məsələlər barədə ətraflı məlumat verilib. Rəyasət Heyətinin yığıncağında əldə edilmiş uğurlarla yanaşı, akademiyanın strukturunda müəyyən dəyişikliklərin aparılması, elmi prioritetlərin seçilməsi, təbii resurslardan səmərəli istifadə, ekoloji problemlərin həlli, alternativ enerji mənbələrinin tədqiqi, Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qərb bölgəsinin tarixinin arxeoloji və etnoqrafik materiallar əsasında tədqiq olunması, qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunması istiqamətində elmi tədqiqatların aparılması vacib bir vəzifə kimi müzakirə olunub.
Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Rəyasət Heyətinin yığıncağında struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması və elmi kadrların hazırlanması sisteminin keyfiyyətcə yaxşılaşdırılması, elmin, təhsilin və iqtisadiyyatın inteqrasiyasının dərinləşdirilməsi ilə bağlı irəli sürülən məsələlər barədə ətraflı məlumat verib. O, müvafiq məsələlərin həlli üçün Gəncə Bölməsində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının, şöbə və laboratoriyaların qarşısında duran konkret vəzifələrdən danışıb.
İnnovasiya fəaliyyətinin genişləndirilməsi, elmi nəticələrin tətbiqi, azərbaycançılıq ideologiyasının əsaslarının işlənib hazırlanması və həyata keçirilməsində elmin dəstəyinin təmin edilməsi və xarici əlaqələrin inkişafı məsələləri də ətraflı müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Akademik elmi tədqiqatların təşkilinin klaster forması əsasında pilot layihələrdə alunitin və alüminium sənayesi tullantılarının alınması və istifadəsi üçün innovasiyalı texnologiyaların hazırlanması və həyata keçirilməsi sahəsində AMEA Gəncə Bölməsi alimlərinin qarşısında konkret vəzifələrin qoyulmasını yüksək etimadın nəticəsi kimi dəyərləndirib və bu məsul tapşırığın uğurla həyata keçirilməsi ilə əlaqədar konkret tapşırıqlar verib.
Çıxış edənlər AMEA-nın ümumi yığıncağında akademik Ramiz Mehdiyevin çıxışı zamanı verdiyi tapşırıq və tövsiyələrin müasir dövrdə elmin qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsində əhəmiyyətini xüsusi qeyd edib, əldə olunan uğurları davam etdirməklə mövcud problemlərin tezliklə aradan qaldırılması üçün bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər