Kamal Abdulla: Venesuela universitetləri ilə əməkdaşlıqda çox maraqlıyıq

Kamal Abdulla: Venesuela universitetləri ilə əməkdaşlıqda çox maraqlıyıq Azərbaycan Dillər Universitetində (ADU) Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüş keçirilib.
Görüşdə universitetin rektoru akademik Kamal Abdulla “Səfir saatı” layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində tələbələrin bir çox səfirlərlə görüşü keçirilib. O, səfir Kristofer Alberto Martinez Berroteran ilə görüşün tələbə və müəllimlər üçün maraqlı və faydalı olacağını vurğulayıb.
Görüşdə, həmçinin iki ölkə arasında elmi, mədəni və təhsil təcrübələrini bölüşmək, qarşılıqlı əməkdaşlığın qurulması haqqında fikirlər səsləndirilib, elmi mübadilənin əhəmiyyətindən danışılıb. Akademik Kamal Abdulla Venesuela universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin, eyni zamanda, ADU-da Venesuela mərkəzinin açılması ilə bağlı təklif irəli sürüb: “Universitetimizdə 20-dən artıq ölkənin mərkəzi fəaliyyət göstərir. Tələbələr bu mərkəzlər vasitəsilə həmin ölkələrin dilini, mədəniyyətini, tarixini çox gözəl şəkildə mənimsəyirlər. Venesuela universitetləri ilə əməkdaşlıqda da çox maraqlıyıq”.
Kamal Abdulla səfirə Braziliyada nəşr olunan “Yarımçıq əlyazma” romanını hədiyyə edib.
Kristofer Alberto Martinez Berroteran təmsil etdiyi ölkədə Azərbaycan mərkəzinin açılması, eyni zamanda, “Səfir saatı” layihəsində iştirak təklifini yüksək dəyərləndirib. Qeyd edib ki, təhsil, mədəniyyət və elm sahəsində yüksək səviyyəli əməkdaşlıq Venesuela üçün prioritet istiqamətdir: “Bu təkliflərin hər birini məmnuniyyətlə qəbul edirəm. Təhsil istiqaməti Venesuela dövləti üçün, bizim səfirlik üçün çox vacib istiqamətdir. Təhsil, mədəniyyət və elm sahəsində əlaqələr diplomatların işini asanlaşdırır, diplomatik əlaqələri dərinləşdirir. Şübhəsiz ki, qarşılıqlı mərkəz yaratmaq perspektivi bizim dostluq əlaqələrimizə böyük töhfə verəcək”.

Tehsil-press.az


Oxşar xəbərlər