ADU-nun rektoru Kamal Abdulla Koreya səfiri ilə görüşüb

ADU-nun rektoru Kamal Abdulla Koreya səfiri ilə görüşüb Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-Qyu ilə görüşüb.
Qonağı salamlayan rektor onu universitetdə görməkdən məmnun olduğunu bildirib: “Ümid edirik ki, sizinlə əməkdaşlığımız bundan sonra da ciddi və faydalı istiqamətdə inkişaf edəcək”. K.Abdulla Azərbaycan və Koreya arasında əməkdaşlığın qədim köklərə söykəndiyini bildirib. O, ADU-da Koreya dili və mədəniyyətinin yüksək səviyyədə təqdim olunmasının bizə də öz arzularımızı həyata keçirmək imkanı verəcəyinə inandığını vurğulayıb: “Biz də istərdik ki, Koreya universitetlərinin birində Azərbaycan dili, mədəniyyəti və tarixi tədris edilsin. Sizdən xahişimiz odur ki, məsləhət bildiyiniz bir Koreya universitetində Azərbaycan dili və mədəniyyəti Mərkəzi formalaşdırılsın”.
Rektor K.Abdulla bildirib ki, vaxtilə belə bir təklif olub və indi həmin təklifin həyata keçirilməsi üçün əlverişli şərait yaranıb: “Azərbaycanlı bir professorun Koreya universitetində fəaliyyəti bizim əlaqələrimizin daha da dərinləşməsinə xidmət edəcək”.
ADU-dakı Koreya Mərkəzinin universitetdəki mərkəzlər arasında ən böyüklərdən biri olduğunu deyən rektor digər ixtisaslarda təhsil alan tələbələrin də bəzi dərslərinin bu mərkəzdə keçirilməsinə dair tapşırıq verdiyini bildirib. Onun sözlərinə görə, bu, Koreya dili və mədəniyyətinin daha geniş təbliğinə gətirib çıxara bilər: “Eyni zamanda, sabah Koreya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti tədris olunarsa, bu, birgə əməkdaşlıq üçün əsas rolunu oynaya bilər”.
K.Abdulla Altay xalqlarının mədəni-mənəvi birliyi ideyasının ona çox doğma olduğunu deyərək Altay xalqları alimlərindən ibarət Altayistika daimi seminarının yaradılmasını təklif edib və ADU-dakı Koreya Mərkəzinin bu işdə baza rolunu oynaya biləcəyini söyləyib. O, həmçinin “Türkologiya” jurnalında Altayistika rubrikasının açılmasının da mümkün olduğunu qeyd edib.
Səmimi qəbula görə təşəkkür edən səfir K.Ç.Qyu nitqinə “Bizim səfirlik ADU ilə əməkdaşlığa xüsusi önəm verir” sözləri ilə başlayıb və burada Koreya dilinin uğurla tədris edildiyini, həmçinin çox faydalı elmi mübadilə aparıldığını söyləyib: “Qohum olan Altay xalqlarının əməkdaşlığında təhsil çox vacibdir”. Səfir Koreyada Azərbaycan dili və mədəniyyəti Mərkəzinin açılması və professor-müəllim mübadiləsi ilə bağlı məsələlərin həlli üçün ölkəsinin müvafiq qurumları ilə əlaqə saxlayacağını vurğulayıb. O, ADU-dakı Koreya Mərkəzinin fəaliyyətini daha da genişləndirmək, həmin mərkəzi daha çox elmi mərkəzə çevirmək istədiklərini deyib: “Koreyada Azərbaycan dili və mədəniyyəti Mərkəzinin açılması, ADU-da koreyaşünaslığın inkişaf etdirilməsi yolu ilə əməkdaşlığa mühüm töhfələr vermək, onu daha yüksək səviyyəyə çatdırmaq olar”. Diplomat K.Abdullanın təklifini qəbul edərək ADU-dakı “Səfir saatı” klubunda böyük məmnuniyyətlə mühazirə oxuyacağını deyib.
Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

ADU-nun Mətbuat Xidməti


ADU-nun rektoru Kamal Abdulla Koreya səfiri ilə görüşübADU-nun rektoru Kamal Abdulla Koreya səfiri ilə görüşübADU-nun rektoru Kamal Abdulla Koreya səfiri ilə görüşübADU-nun rektoru Kamal Abdulla Koreya səfiri ilə görüşübADU-nun rektoru Kamal Abdulla Koreya səfiri ilə görüşüb

Oxşar xəbərlər