Əziz Səncər: Qarabağ Zəfəri Türkiyənin Qurtuluş savaşından sonra türk dünyasının ən önəmli zəfəridir

Əziz Səncər: Qarabağ Zəfəri Türkiyənin Qurtuluş savaşından sonra türk dünyasının ən önəmli zəfəridir Qarabağ Zəfəri Türkiyənin Qurtuluş savaşından sonra türk dünyasının ən önəmli zəfəridir.
Bu fikri dekabrın 6-da Nobel mükafatçısı Əziz Səncər jurnalistlər üçün brifinqdə söyləyib.
Dünyaşöhrətli alim deyib: “Qazanılan Zəfərdən böyük xoşbəxtlik yaşadım. 44 gün davam edən Vətən müharibəsini hər gün izləyirdim. Özümə söz vermişdim ki, Şuşa azad edilsə, orada məsciddə namaz qılacağam ki, ölsəm gözüm arxada qalmasın. Allaha çox şükür ki, arzumu yerinə yetirdim”.
Brifinqdə Əziz Səncər İkinci Qarabağ müharibəsində Qələbənin əhəmiyyəti, Şuşaya səfəri, elm sahələrinə qoyulan sərmayələr, koronavirus pandemiyası və digər məsələlərlə bağlı sualları cavablandırıb.
Alim diqqətə çatdırıb ki, son beş il ərzində türk dövlətlərinə bacardığı qədər səfər edir. Hər dəfə də keçirdiyi görüşlərdə dəqiq elmlər və təbiət elmləri üzrə biliklərin vacibliyini vurğulayır. Uşaqlara müvafiq elmlər üzrə bilik öyrədilməsinin önəmini diqqətə çatdırır.
Əziz Səncər bütün türk dövlətlərini elmə böyük sərmayə qoymağa çağıraraq deyib ki, texnologiyadan əlavə, dəqiq elmlərə və təbiət elmlərinə sərmayə qoyulması vacibdir: “Silah və ya digər hərbi texnikaları pulla almaq olar. Lakin onlar sıradan çıxsa, peşəkar kadr olmasa, yarıyolda qalarsınız. Eyni zamanda, tam müstəqil və haqqımızı deyə biləcək səviyyəyə çatmaq üçün təməl biliklərə böyük sərmayə qoyulmalıdır”.
Xatırladaq ki, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü Əziz Səncər UNEC İqtisadi Forumu-2021 çərçivəsində Azərbaycana səfər edib. Səfəri zamanı dünyaşöhrətli alim Əziz Səncər Prezident İlham Əliyev tərəfindən də qəbul edilib. Görüşdə dövlətimizin başçısı müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Səncərin yardım etməsini böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirib.
Qeyd edək ki, UNEC İqtisadi Forumu-2021 çərçivəsində Əziz Səncərin bir sıra görüşləri keçirilib, Şuşaya səfəri təşkil olunub. Alimin ölkəmizə səfərinin məqsədi İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda yaranan yeni mühitlə tanışlıq və gənc nəsli elm yoluna təşviq etməkdir. Əziz Səncər Nobel mükafatını alan ilk türk alimi kimi Azərbaycan da daxil olmaqla, bütövlükdə türk dünyasının fəxridir.

Tehsil-press.az

Oxşar xəbərlər