Azərbaycan alternativ enerjini seçir: Perspektivlər və yeni imkanlar

Azərbaycan alternativ enerjini seçir: Perspektivlər və yeni imkanlar Ötən həftə Azərbaycanda əlamətdar hadisə baş verdi: Səudiyyə Ərəbistanının ACWA Power şirkəti tərəfindən tikiləcək 240 MVt gücündə Xızı-Abşeron külək stansiyasının təməlqoyma mərasimi keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz ibn Salman Al Səud iştirak və çıxış etdilər. Qeyd etmək lazımdır ki, bu, ölkəmizdə bütünlüklə xarici investisiyalar hesabına həyata keçirilən ilk belə layihədir.
Layihə Xızı rayonu Sitalçay kəndi və Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində həyata keçiriləcək. Elektrik stansiyası ildə təxminən 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kubmetr qaza qənaət olunacaq, atmosferə 400 min tondan çox CO2 emissiyasının atılmasının qarşısı alınacaq. Bundan əlavə, bunlar yeni iş yerləri və istehsal və xidmət sektorları üçün perspektivdir.
Bundan əlavə, həmin gün Bakıda Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının ACWA Power şirkəti arasında dəniz külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum dəniz külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyən edilməsi, potensialın qiymətləndirilməsi və Azərbaycanda bərpa olunan enerji layihələrinə sərfəli investisiyalar üçün şərait yaradılması sahəsində əməkdaşlığı nəzərdə tutur. Memorandum çərçivəsində həyata keçirilən işlərə rəhbərlik və nəzarət etmək üçün Rəhbər Komitə və İşçi Qrup yaradılacaq.
"Yaşıl keçid", yəni enerji istehsalı ilə əlaqədar ətraf mühitin çirklənməsinin azaldılması məsələsi müasir dünyada ən aktual mövzulardan birinə çevrilib. Azərbaycana gəldikdə isə, ötən il ölkəmizdə milli iqtisadiyyatın gələcək inkişafı üçün ciddi potensiala malik olan alternativ enerji sektorunun stimullaşdırılması istiqamətində bir sıra son dərəcə mühüm qərarlar qəbul edilib.

Tehsil-press.az



Oxşar xəbərlər