İspaniyada qiymət artımı narazılıqlara səbəb olub

İspaniyada qiymət artımı narazılıqlara səbəb olub Ukraynadakı hadisələrlə əlaqədar daha da ağırlaşan enerji böhranı Avropa və Latın Amerikasının bir çox ölkələrində tətil dalğasına səbəb olub.
Braziliyada ictimai nəqliyyatda qiymətlərin bahalaşması səbəbindən kütləvi iğtişaşlar baş verib. Fransada qaz vergisinin artımına qarşı “sarı jiletlilər” aylardır etiraz aksiyaları keçirirlər.
BMT-nin məlumatına görə, Ukraynadakı vəziyyətlə əlaqədar dünya ərzaq məhsullarının rekord yüksək qiymətləri daha 22 faiz arta bilər.
Bu günlərdə İspaniyada yerli nəqliyyat şirkətlərinin işçiləri hökumətin təklif etdiyi tədbirlərə baxmayaraq, yanacağın bahalaşması ilə əlaqədar tətillərini davam etdirirlər. Yük daşıyıcılarının tətili təchizat problemlərini daha da artırıb – zavodlarda xammal çatışmazlığı yaranıb, anbarlarda məhsullar çürüyür. Daşıyıcılar hökumətin qısa müddətdə birbaşa yardım göstərməsini, rüsumları və liman vergilərini azaltmasını, eyni zamanda, kreditlərə subsidiyalar verməsini gözləyir. Tətilləri dayandırmaq üçün İspaniya hökuməti əvvəlcə 450 milyon avro birbaşa yardım, benzin və ya dizelin bir litri üçün 20 sent kompensasiya ayıracağını vəd edib. Hökumət xərclərinin ümumi məbləği bir milyard avronu keçəcək. Bununla belə, nəqliyyat işçiləri təklif olunan tədbirlərin kifayət etmədiyini bildirirlər.
Kənd təsərrüfatı işçilərinin aksiyasında dizel yanacağının, yemin və gübrənin bahalaşmasına etirazını bildirən 150 min fermer iştirak edib.
Qərblə dünyanın ən böyük enerji resursları istehsalçılarından biri olan Rusiya arasında təklifdən artıq tələb və qeyri-müəyyənlik nəticəsində neft qiymətlərində yaranan qarşısıalınmaz artım yanacağın qiymətlərinə də təsirini göstərir.
İspaniyada pula qənaət etmək üçün bir çox ailələr vaxtilə demək olar fərq qoymadan istifadə etdikləri enerji resurslarından indi daha ehtiyatla istifadə edirlər.
İspaniyalı ekspertlər nikbindirlər. Onlar hesab edirlər ki, koronavirus pandemiyasının sona çatması turizmin və ümumilikdə xidmət sektorunun inkişafına səbəb olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər