Prezident İlham Əliyev siyasətinin növbəti qələbəsi - Fərrux zəfəri (TƏHLİL)

Prezident İlham Əliyev siyasətinin növbəti qələbəsi - Fərrux zəfəri (TƏHLİL) Artıq Xocalı rayonun Fərrux kəndi də Azərbaycan Ordusunun nəzarətindədir. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km məsafədə yerləşir.
Bu kənd həm də bütövlükdə Ağdam rayonunun təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərdikləri ilə bağlı məlumat yaymışdı.
10 Noyabr bəyanatının 4-cü bəndinə əsasən qanunsuz erməni birləşmələri həmin ərazilərdən çıxarılmalı idi. Artıq iki il keçməsinə baxmayaraq bu məsələ öz həllini tapmayıb və Rusiya sülhməramlıları 10 noyabr razılaşmasının müddəalarına əməl etmək əvəzinə onu pozurlar.
Məsələni şərh edən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hazırda dislokasiya işləri apararaq mövqelərini möhkəmlədir və bu proses davam edir.
“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi qələbə qazanaraq 30 il müddətində işğala məruz qalan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Eyni zamanda Ermənistan diz çökərək, yalvararaq kapitulyasiya aktına imza atdı və beləliklə, 10 noyabr 2020-ci il tarixində üçtərəfli Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş nazirinin imzası ilə təsdiq olunmuş bəyanat imzalanıb. Bəyanata əsasən, ərazilərimizin bir hissəsində, tarixi torpaqlarımızda Rusiya sülhməramlı kontingenti yerləşdirildi” - deyə o qeyd edib.
Onun sözlərinə görə, Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi növbəti tarixi qələbədir:
“Bu torpaqlar Azərbaycanın əzəli əraziləridir və bundan sonra da bütün o torpaqlar Azərbaycanın nəzarəti altında olacaq. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin “Nəyi, nə vaxt, necə edəcəyi” sözləri indi öz yerini təsdiqləmiş olub. Uğurlu diplomatik-siyasi yollarla artıq Fərrux kəndi də Azərbaycanın tam nəzarəti altına keçmiş oldu”.
Milli Məclisin deputatı Elşən Musayev, öz növbəsində, üçtərəfli razılaşmanın 4-cü bəndinə uyğun olaraq erməni separatçılarının Qarabağdan çıxmalı olduqlarını qeyd edib.
"Bəli, Fərrux kəndi artıq bizdədir. Hətta bunu Fərrux Zəfəri də adlandıra bilərik. Doğma kəndimizdir, yaxşı edib qayıtmışıq. Bu, kimisə, ələlxüsus da Rusiyanı, onun Müdafiə Nazirliyini niyə belə narahat edir ki? Azərbaycan məgər başqasının ərazisinəmi girib, haranısa işğalmı edib? Xeyr. Azərbaycan öz ərazisindədir, öz tarixi, əzəli kəndinə sahib çıxıb. Düz də edib. Hətta ən doğru olanı edib.
Üçtərəfli razılaşmanın 4-cü bəndinə uyğun olaraq erməni separatçıları Qarabağdan çıxmalı idilər. Çıxmasalar çıxardılmalı idilər. Çıxdılarmı? Çıxmadılar. Ona görə indi özümüz çıxarırıq", - deyə deputat bildirib.
Onun sözlərinə görə, BMT-nin Qətnamələrini 44 günlük Vətən Müharibəsi dövründə necə özümüz icra etdiksə, üçtərəfli razılaşmanın müddəalarını da yenə özümüz təkbaşına icra edirik.
"Bu bizim haqqımızdır. Bu bzim suveren hüququmuzdur. Bura bizim ərazimizdir. Odur ki, Rusiyanın Müdafiə Nazirliyi Azərbaycana irad tutmaq əvəzinə getsin üçtərəfli razılaşmadakı bəndləri bir də yaxşı-yaxşı oxusun, gerçəklikləri görsün.
Eyni zamanda Rusiyanın nəzərinə çatdırmaq lazımdır ki, 2 dövlət arasında imzalanan 22 fervral tarixli “müttəfiqlik münasibətləri haqda” bəyanata zidd hərəkətlər etmək, addımlar atmaq olmaz. Rusiya isə bunu edir və nə təəssüf ki, çox açıq formada edir. Erməni separatçılar Fərrux kəndi ətrafında mövqe qazananda Rusiya hara baxırdı, neyləyirdi? Mane olurdumu? Razılaşmalar, Azərbaycanın suveren hüquqları Rusiyanın yadına düşürdümü? Xeyr. Tam əksinə, Rusiya həmin vaxt erməni ünsürlərinin hərəkətini sakitcə seyr edirdi, hətta məqamı gələndə onları bəsləyirdi. Ona görə indi məsləhət verməyə, irad tutmağa da haqqı yoxdur. Azərbaycan nə edirsə düz edir. Ümumiyyətlə cənab Prezident İlham Əliyev hansı addımı nə zaman atmağın lazım olduğunu hamıdan gözəl bilir", - deyə Elşən Musayev vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər