BDU və DOST Agentliyi arasında anlaşma memorandumu imzalanıb

BDU və DOST Agentliyi arasında anlaşma memorandumu imzalanıb Bakı Dövlət Universiteti (BDU) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov imzalayıblar.
Rektor E.Babayev qeyd edib ki, memorandum qarşılıqlı əməkdaşlığın geniş spektrlərini əhatə edəcək. DOST Agentliyinin 3 ildir yaranmasına baxmayaraq, artıq brendə çevrildiyini qeyd edən rektor vurğulayıb ki, son illər ölkədə sosial rifahın yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması üçün mühüm addımlar atılır. Azərbaycanın həyata keçirdiyi sosial yönümlü layihələr təkcə rəğbət doğurmur, həm də bu təcrübə xarici ölkələr tərəfindən öyrənilir. DOST Agentliyi də belə müsbət təcrübələrdəndir.
Rektor diqqətə çatdırıb ki, yüksək potensiala malik BDU ölkənin ən böyük və qədim universitetidir. Universitetin fakültələri DOST Agentliyi ilə imzalanan memorandum çərçivəsində həyata keçiriləcək layihələrin icrasına cəlb olunacaq. “DOST Agentliyinin imkanlarından tədris prosesində də istifadə olunacaq. BDU-nun Hüquq Klinikası və Sosial iş kafedrası DOST Agentliyinin həyata keçirdiyi işlərə yaxından yardım edə bilər. Bu sahə üzrə birgə elmi tədqiqatlar aparmaq, sosial və psixoloji problemləri öyrənmək, yay məktəbləri təşkil etmək olar”, - deyə E.Babayev bildirib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qeyd edib ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sosial təminat və məşğulluq sahəsində vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu sahədə tərəfdaş qurum kimi BDU-nun potensialına böyük ümid etdiyini söyləyən Fərid Məmmədov bildirib ki, Agentliyin işçi heyətinin 21 faizi BDU məzunlarından ibarətdir. “BDU ilə qısa müddətdə müxtəlif sahələri əhatə edən əməkdaşlıq quracağıq. İmzalanan Memorandum hər iki qurum üçün müsbət nəticələr verəcək”- deyə F.Məmmədov qeyd edib.
Memoranduma əsasən, qurumlar qarşılıqlı təcrübə mübadiləsi aparacaq, birgə proqramlar təşkil edəcək, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətlərində əməkdaşlıq edəcəklər. Sənəd innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını, digər bu kimi məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.
Birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr də memorandumda əksini tapıb.
Memorandum çərçivəsində BDU-nun bakalavr və magistrlərinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı təmin olunacaq. Bununla yanaşı, Agentliyin əməkdaşları universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə BDU-nun gənclər üçün təlim proqramlarında iştirak edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər