UNEC ilə Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb

UNEC ilə Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə memorandum imzalanıb.
Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, universitetin struktur rəhbərləri, agentliyin nümayəndələri və tələbələr iştirak ediblər.
Rektor Ə.Muradov universitetlərin peşəkar təhsil sahəsində artıq öz monopoliyasını itirdiklərini, diplomlara isə getdikcə tələbin azaldığını, onların bilik, vərdiş və bacarıq göstəricisi kimi tədricən dəyərdən düşdüyünü, universitet modelinin tamamilə yenidən qurulmalı olduğunu diqqətə çatdırıb. Digər çox ciddi problemin isə rəqəmsallaşma dövründə nüfuzlu texnoloji şirkətlərin mövcud universitetlərin rəqabətqabiliyyətli rəqiblərinə çevrilməsi olduğunu vurğulayıb.
Rektor Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından əminliyini ifadə edib.
Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri M.Abbasbəyli əmək bazarının mahiyyətindən və işçi qüvvəsinə olan tələblərdən bəhs edib, ixtisasla yanaşı, peşə bacarıqlarına yiyələnməyin vacibliyini diqqətə çatdırıb. O, agentliyin qarşısında duran vəzifələrdən birinin məhz təhsil müəssisələri ilə düzgün əməkdaşlığın formalaşdırılmalı olduğunu deyib. UNEC məzunlarının öz bilik və bacarıqları ilə əmək bazarında layiqli yer tutduqlarını diqqətə çatdıran sədr, qarşılıqlı əməkdaşlığın məzunların məşğulluğunun təmin olunmasına yeni töhfələr verəcəyini vurğulayıb.
Qeyd edək ki, tədbirdə imzalanan memoranduma əsasən, tərəflər arasında “UNEC Məzunlarının Məşğulluğu” layihəsinin həyata keçirilməsi, tələbə və məzunların məşğulluq sahəsində maarifləndirilməsi, məşğulluq sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, tələbələrin təcrübə proqramlarına cəlb olunması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər