Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib 2022-ci ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb.
Görüşdə rektor cari tədris ilinin yaz semestrinin uğurla başa çatması münasibətilə universitetin tələbə və müəllim kollektivi üzvlərini təbrik edib, imtahan sessiyasında onlara uğurlar arzulayıb.
MDU-da imtahan sessiyası çərçivəsində hər həftə təhsilalanlar ilə çevik kommunikasiya vasitələrindən biri kimi “Açıq qapı” günlərinin keçirilməsinin ənənəvi hal aldığını qeyd edən rektor əsas məqsədin tələbələrin imtahanlarla bağlı yarana biləcək suallarının operativ cavablandırılması olduğunu bildirib.
Azərbaycan Respublikasının təhsil nazirinin “2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrini və buna əsasən universitetdə təsdiq edilən qaydaları diqqətə çatdıran Ş.Bayramov MDU-da iyunun 1-dən iyulun 5-dək təşkil ediləcək imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil şəkildə keçirilməsi üçün zəruri olan bütün mümkün tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırıb.
Sonra tələbə və magistrantların müraciətləri dinlənilib, sual və təkliflərinə münasibət bildirilib.
Səmimi ortamda keçən görüşdə tələbələr imtahan sessiyasına hazırlıq səviyyəsindən məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, cari imtahan sessiyası çərçivəsində “Açıq qapı” günlərinin iyulun 5-dək hər həftənin çərşənbə günü təşkil olunması nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər