Təhsilimizin inkişafı üçün dövlət proqramları həyata keçirilir

Təhsilimizin inkişafı üçün dövlət proqramları həyata keçirilir Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışını izlədim. Dövlətimizin başçısı Azərbaycanda 2022-ci ilin 6 ayı ərzində görülən işlərə geniş nəzər saldı, eyni zamanda, Azərbaycanın növbəti yarım il, ümumiyyətlə yaxın perspektiv üçün hədəfdə duran vacib məqamlara toxundu. Müşavirədəki çıxışında ölkə rəhbəri təhsil məsələsinə də münasibət bildirdi və qeyd etdi ki, Azərbaycanda bu istiqamətdə nə qədər işlər görülsə də, həllini gözləyən problemlər, görülməsi vacib olan işlər də az deyil. Xüsusilə məktəb tikintisi sahəsində yaxşı nümunələrlə paralel olaraq istismar müddətini keçmiş, istifadəyə yararsız vəziyyətdə olan məktəblər var. Azərbaycanda məktəblərin tikintisi, əsaslı təmir olunması, infrastrukturunun yenilənməsi, müasir standartlara cavab verən təhsil müəssisələrinin inşa edilməsi təkcə paytaxtla yekunlaşmayıb, eyni zamanda, regionlarda, ən ucqar kəndlərdə məktəb tikintisinə diqqətin artırılması istiqamətində son illərdə böyük işlər görülüb.
Bu fikirləri Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov söyləyib. O bildirib ki, ölkəmizdə son illərdə məktəb tikintisinin geniş vüsət alması ilə bu sahədə xeyli uğurlar əldə olunub. Nəticədə dünyanın təhsil tutumlu və inkişaf etmiş ölkələrindəki məktəb infrastrukturundan heç də geri qalmayan modern təhsil müəssisələrini ən ucqar regionlarda belə görə bilirik. Məktəb infrastrukturunun yenilənməsi, müasir məktəb binalarının inşa olunmasında məqsəd ondan ibarətdir ki, Azərbaycanın gələcəyi olan uşaqlar yaxşı şəraitdə, müasir məktəblərdə təhsil ala bilsinlər. Bu istiqamətdə görülən işlər, həyata keçirilən islahatlar təkcə məktəb infrastrukturunun yaxşılaşdırılması ilə yekunlaşmır. Eyni zamanda, bütövlükdə təhsilin məzmununun yenilənməsi, pedaqoji heyətin bacarıqlarının artırılması istiqamətində dövlətin həyata keçirdiyi məqsədyönlü işlər təhsilli cəmiyyət qurmağa hədəflənmiş siyasətin tərkib hissələrindən biridir. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun reallaşdırdığı genişmiqyaslı işləri xüsusilə qeyd etmək lazımdır. Azərbaycanda Heydər Əliyev Fondunun məktəb infrastrukturunun yenilənməsi ilə bağlı reallaşdırdığı proqramlar təkcə orta məktəb binalarının tikintisi ilə yekunlaşmayıb, eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi Fondun həyata keçirdiyi sosial yönümlü proqramların tərkib hissəsidir.
Azərbaycan artıq postmüharibə dövrünə qədəm qoymuşdur və yeni dövrün çağırışları isə, həmçinin təhsilin inkişafı naminə yeni vəzifələri diktə edir. İşğaldan azad edilmiş ərazilərə səfər edərkən görürük ki, həmin rayonlarda heç bir infrastrukturdan, eyni zamanda, təhsil infrastrukturundan söhbət gedə bilməz. İşğaldan azad edilmiş şəhər və kənd məktəblərinin qurulması istiqamətində dövlətimiz tərəfindən işlər görülür və fəaliyyət planına müvafiq olaraq kompleks fəaliyyət reallaşdırılır. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri çərçivəsində “ağıllı məktəb”lər inşa olunur, ən müasir təhsil müəssisələrinin tikintisi planlaşdırılır. Burada söhbət təkcə orta məktəb bazasından getmir, həmçinin məktəbəqədər təhsil müəssisələrinin, həmin rayonların iqtisadi inkişaf meyillərinə uyğun peşə yönümlü təhsil mərkəzlərinin qurulması da nəzərdə tutulur. Azərbaycanda məktəb infrastrukturunun yenilənməsindən söz açarkən təhsilin bütün pillələrini əhatə edən işlər göz önünə gəlir. Prezidentin müşavirədə toxunduğu Azərbaycan gənclərinin ən yüksək səviyyədə təhsil almalarına ünvanlanmış “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın gənclərimiz üçün yaratdığı geniş imkanları xüsusilə qeyd etməliyik.
Xatırlayıram ki, Prezident İlham Əliyev 2007-ci ili ölkəmizdə “Gənclər İli” elan etmişdi. Həmin ildə də Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdı. Dövlət Proqramını hazırlayan işçi qrupun üzvü olaraq AMEA-nı təmsil edirdim və ölkə rəhbərinin bu məsələyə necə həssas yanaşdığının şahidi olmuşdum. Prezident İlham Əliyevin səsləndirdiyi “neft kapitalını insan kapitalına çevirmək” şüarı təsadüfi yaranmamışdı. Dövlətimizin başçısı çox uzaqgörənliklə bu Proqramı təsdiq etdi və növbəti illərdə 3500-dən çox gəncimiz dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinə göndərildi. Burada söhbət təkcə nüfuzlu ali təhsil müəssisələrindən getmirdi, həm də məqsəd ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisaslar üzrə təhsilli kadr bankının yaradılması idi. Məhz savadlı, bilikli, milli dəyərlərə malik gənclərin növbəti illərdə idarəetməyə cəlb olunması ilə inkişaf etmiş ölkələrin getdiyi yolu, əldə etdikləri uğurları daha qısa müddətdə əldə etmək mümkün oldu. Dövlətimizin başçısının təşəbbüsü ilə növbəti proqramlara da start verildi. Azərbaycan təhsil müəssisələrinin rəqabətə davamlılığını artırmaq məqsədilə gənclər dünyanın elm, təhsil tutumlu ölkələrində elmi mərkəzlərdə, universitetlərdə doktorantura təhsili almağa göndərilirdi. “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” indi də uğurla davam edir.
Dövlətimizin başçısının müşavirədə xüsusi olaraq toxunduğu proqrama cari ildən start verilib. Belə ki, bu il yenidən azərbaycanlı gənclərin xaricdə təhsil alması ilə bağlı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” reallaşdırılmağa başlayıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ancaq bakalavr təhsili almağa istiqamətləndirilmişdisə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” həm bakalavr, həm magistr, həm də doktorantura təhsilini dəstəkləyəcək. Bütün bunlar ardıcıl görülən işlərin məntiqi davamıdır. Belə ki, birinci mərhələdə bakalavr təhsili almış gənclərin böyük əksəriyyəti vətənə dönüb və müxtəlif universitetlərdə, dövlət qurumlarında çalışır, xaricdə aldıqları bilikləri Azərbaycan cəmiyyətinin inkişafına tətbiq edir. İndiki proqramda isə həm birinci dövlət proqramının məzunları, həm də digər gənclər üçün magistratura və doktorantura təhsili almaq imkanı yaranır. Əlbəttə bütün bunlar məqsədyönlü şəkildə, dövlətin gələcəyinin etibarlı əllərə ötürülməsi, Azərbaycanın gələcəyinin dayanaqlı olması, inkişafının məhz elm və təhsil üzərində bərqərar olması naminə reallaşdırılır və ölkəmizdə həyata keçirilən islahatlarda elmin, təhsilin payının artırılması məqsədi daşıyır. Belə proqramların yekununda həm də Azərbaycanda elmi mühit yenilənəcək. Burada çox vacib məqam ondan ibarətdir ki, gənclərin təhsilinə xərclənən pullar Azərbaycan dövlətinin vəsaitidir. Yəni dövlət öz büdcəsində formalaşmış gəlirlər hesabına gənclərinə sahib çıxır, onların təhsil almasını tam təqaüdlə qarşılayır. Bunlar həqiqətən də çox uzaqgörənliklə həyata keçirilən işlərdir. Dövlət proqramı hesabına təhsil alan hər bir gəncin düşüncəsində onun mükəmməl təhsil almasında və formalaşmasında öz dövlətinin xüsusi rolunun, qayğısının olması mütləq olacaq. Dövlətinin hesabına mükəmməl təhsil almış məzun vətəninə qayıdaraq ölkəsinin inkişafına sədaqətlə xidmət etmək öhdəliyini dərk edəcək. Dövlətimiz tərəfindən bu cür mühüm proqramların reallaşdırılması hamımızda qürur hissi doğurur. Bu bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşının bütün parametrlərdə inkişafında, təhsil almasında nə qədər maraqlıdır. Ölkə rəhbərimiz hər zaman çıxışlarında bildirir ki, təhsilli, bilikli, elmli cəmiyyətlər uğurlu və dayanıqlı olurlar və bizim hədəfimizdə də məhz bu mühiti ölkəmizdə formalaşdırmaqdır.
“Azərbaycan Prezidentinin alimlərlə görüşündə, rəsmi qəbullarında mən dəfələrlə iştirak etmişəm. Dövlətimizin başçısının həmin görüşlərdə etdiyi proqram xarakterli çıxışlarında xüsusilə çox vacib bir tezis olmuşdur. Ölkə rəhbəri dəfələrlə qeyd edir ki, biz inkişaf etmiş ölkələrin təcrübəsinə baxanda görürük ki, həmin ölkələrin davamlı, dayanıqlı, etibarlı inkişafını təmin edən vacib bir faktor varsa o da həmin ölkələrdə elmin, təhsilin səviyyəsinin yüksək olmasıdır, biz də inkişafımızda təhsilə və elmə üstünlük verməliyik. Hər birimiz Prezidentin səsləndirdiyi bu tezislərin sözdən əməli işlərə, reallığa çevrilməsinin şahidiyik. Əminəm ki, Azərbaycanda gənclərin təhsil almasını nəzərdə tutulan hazırkı proqram yekunlaşandan sonra həm də bizim ali təhsil müəssisələrimizin kadr potensialının yenilənməsi hesabına onların rəqabətə davamlılığı təmin olunacaq, dünyanın elm, təhsil tutumlu ölkələrində olduğu kimi biz öz universitetlərimizin həm də kadr potensialı hesabına dünya reytinqində qabaqcıl yerlərdə olmasını görə biləcəyik”, - deyə İlqar Orucov fikrini yekunlaşdırıb.

Tehsil-press.az




Oxşar xəbərlər