Xaricdə təhsil üzrə Dövlət Proqramına 1281 nəfər müraciət edib

Xaricdə təhsil üzrə Dövlət Proqramına 1281 nəfər müraciət edib “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 1281 nəfər Azərbaycan vətəndaşı müraciət edib.
Ən çox qəbul sənədi təqdim edilən ölkələr sırasında Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, Kanada, İtaliya yer alır. Hazırda proqrama müraciət edən namizədlər üçün müsahibə mərhələsi davam edir.
Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə nüfuzlu universitetlərdə təhsil almaq istəyən və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün açıq elan olunmuş sənəd qəbulu iyulun 15-dək aparılıb.
Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə 2 min nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər