Ermənilərin illər keçdikcə xeyirlərinə nəyinsə dəyişəcəyini düşünmələri utopiyadır - Vüqar Rəhimzadə

Ermənilərin illər keçdikcə xeyirlərinə nəyinsə dəyişəcəyini düşünmələri utopiyadır - Vüqar Rəhimzadə “İki ilə yaxındır ki, torpaqlarımızın işğalından deyil, tarixi Zəfərimizdən, dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində tarixi sahiblərinə qovuşmasından, həyata keçirilən nəhəng bərpa-quruculuq işlərindən, artıq start verilən Böyük Qayıdışdan bəhs edirik. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası hazırkı dövrün əsas tələbləri sırasındadır. Azərbaycan üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Ölkəmiz bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərin normallaşdırılması üçün üzərinə düşən öhdəlikləri zamanında və yüksək səviyyədə yerinə yetirir. Qarşı tərəfə təklif olunan sülh müqaviləsi də bunun təsdiqidir. Amma bu günümüzün əsas məsələsi Ermənistanın üzərinə düşən öhdəlikləri hansı səviyyədə yerinə yetirməsidir. Məlum olduğu kimi, qeyd olunan Bəyanatda Kəlbəcərin, Ağdamın və Laçının nəzərdə tutulduğu vaxtda boşaldılaraq Azərbaycana qaytarılması öz əksini tapmışdır. Baxmayaraq ki, ermənilər Kəlbəcəri 15 noyabr 2020-ci il tarixində boşaltmalı idi, amma vaxt məhdudiyyətini önə çəkərək Rusiyanın vasitəsi ilə Azərbaycan dövlətindən əlavə 10 gün vaxt istədilər. Azərbaycan yenə də humanizm siyasətinə sadiqlik nümayiş etdirərək vaxtı 25 noyabr tarixinədək uzatdı. Bu, ölkəmizin atdığı humanist addım idi. Amma ermənilər bu humanistliyi necə dəyərləndirdi, bunu bütün dünya gördü. Evlər yandırıldı, meşələrə od vuruldu, apardıqlarını apardılar, apara bilmədiklərini yandırdılar. Bu, ermənilərə xas olan vəhşilikdir.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Laçında qanunsuz məskunlaşmış ermənilərin çıxarılması ilə bağlı KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə diqqəti Laçının işğalına, erməni vandalizminə yönəldərək bildirib ki, o zaman ermənilər bunu bayram kimi qeyd etdilər: “Həmin dövrə qısa nəzər salaq. 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunandan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən işğalçı erməni ordusu mayın 18-də Laçını işğal etdi. Statistik rəqəmlərə müraciət edək. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməlləri həyata keçirib.”
“Təbii ki, bunları sadalamağımız səbəbsiz deyil” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistana bu ilin avqust ayının sonuna qədər Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarması üçün vaxt vermişdir. Dövlət başçısı İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bu məqama xüsusi diqqət yönəldərək bildirmişdir ki, əslində, bu tarixi Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər bizdən xahiş etmişdilər. Biz də buna razılaşdıq. Ölkə Prezidenti bir daha bəyan etdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Baxmayaraq ki, oradan çıxmamaları ilə bağlı xəbərlər gəlir, bu mümkünsüzdür. Onlar hərbi cinayətkardırlar.
Vüqar Rəhimzadə dövlətimizin uğurlu siyasəti nəticəsində Laçına qayıdacağımızı bildirib: “Zabuxa, Susa qayıdacağıq. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin sakinləri həmin günü səbirsizliklə gözləyirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan öhdəliklərə sadiqdir, Ermənistan isə ölkəmizə qarşı ərazi iddialarından əl çəkməyərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə vaxt uzatmağa çalışır. Amma unudur ki, vaxt uzatmaq onlara heç nə verməyəcək. İldən-ilə nəyinsə dəyişəcəyini düşünəndə təbii ki, 44 günlük İkinci Qarabağ müharibəsini yada salsalar daha yaxşı olar. İllər keçdikcə işğal altında olan torpaqlarımızın unudulacağını, əbədi olaraq onlarda qalacağını düşündülər. Amma zaman göstərdi ki, Azərbaycan həyata keçirdiyi siyasətlə hər gün Zəfər doğru bir addım atdı. Ən yüksək tribunalardan bir qarış torpağımızı belə düşmənə verməyəcəyimizi bəyan edən Azərbaycan dövləti bu illər ərzində daha da gücləndi, dünyanın ən güclü ordularından birinə sahib oldu, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Döyüş meydanında qazandığımız tarixi Qələbəmizdə beynəlxalq hüquq da əhəmiyyətli rol oynadı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni qoşunlarının qeyd-şərtsiz ərazilərimizdən çıxarılması BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində öz əksini tapmışdır. Baxmayaraq ki, maraqlar ədaləti və beynəlxalq hüququ üstələdiyi üçün bu qətnamələr kağız üzərində saralaraq icrasını gözlədi. Azərbaycan Ordusu tarixi Qələbə qazanmaqla 4 qətnaməni yerinə yetirdi, ədaləti bərpa etdi. Bu gün də ermənilərin vaxt uzadaraq yenə də illər keçdikcə xeyirlərinə nəyinsə dəyişəcəyini düşünmələri utopiyadır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər: “Böyük siyasətçi olmaq lazım deyil ki, bunu hər kəs görsün. Azərbaycanın artan gücü, həm hərbi, həm iqtisadi, həm siyasi gücü, Ermənistanın faktiki olaraq, əgər belə demək mümkündürsə, təklənməsi və nə üçün təklənməsi ona görədir ki, onlar haqsızdırlar.”
YAP Xətai rayon təşkilatının sədri bu əsas tezisə də diqqəti yönəldib ki, dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi başlandığı gündən xalqa müraciətlərində, xarici mətbuata müsahibələrində “Biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik” bəyan etdi və bunu reallıqda təsdiqlədi. Son 19 ilə yaxın dövrün reallıqlarını təhlil etdikdə ulu öndər Heydər Əliyevin siyasi kursunun dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hər dövrün öz tələbi, hədəfi qarşıya qoyuldu və buna yüksək səviyyədə nail olduq. Yeganə məsələ artıq tarixə qovuşan Qarabağ münaqişəsi idi ki, o da zamanı çatanda dövlətimizin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində həll olundu, ədalət bərpa edildi, torpaqlarımız sahibinə qovuşdu, torpaq həsrətinə son qoyuldu. Artıq Böyük Qayıdışın ilk addımı atıldı. Zəngilanın Ağalı kəndi sakinlərini qarşıladı və yeni həyat başladı.
Vüqar Rəhimzadə təhlil əsasında bir daha bildirib ki, Kəlbəcərin boşaldılmasını səbəbsiz yerə xatırlatmadıq: “Vaxt bir gün, beş gün, bir ay da uzadıla bilər. Əsas olan budur ki, bir nöqtəyə vuraraq nəticə əldə edir, hədəfə çatırıq. Baxmayaraq ki, Laçında qanunsuz məskunlaşan ermənilər də dünyanın gözü qarşısında ekoloji terror törədirlər, meşələri yandırırlar, amma torpaqlarımızı tərk edirlər. Bu torpaqlar bizimdir və əbədi olaraq bu torpaqlarda yaşayacağıq.”

Tehsil-press.az



Oxşar xəbərlər