“Azərbaycan və Qazaxıstan hazırda eyni ab-havanı yaşayır”

“Azərbaycan və Qazaxıstan hazırda eyni ab-havanı yaşayır” “Türk dünyasının birliyi, həmrəyliyi Azərbaycan dövlətinin xarici siyasətində prioritet istiqamətlərdən biridir. Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər atılan addımlar türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinə verilən töhfələr və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər barədə aydın təsəvvür yaradır. Səfər zamanı diqqəti çəkən mühüm hadisələrdən biri kimi Qazaxıstan Prezidentinin Azərbaycan dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim etməsi yaxın günlərdə diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək iki qardaş ölkənin bu illər ərzində əməkdaşlığının inkişafı istiqamətində göstərilən səylərin və qazanılan uğurların təqdimatıdır. Bu baxımdan ki, Qazaxıstan Prezidenti həmin mərasimdə bir daha bildirdi ki, dövlət başçısı İlham Əliyevi ölkəsində görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Prezident İlham Əliyev dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verir. Kasım-Jomart Tokayev bütün qazax xalqı adından ehtiram əlaməti olaraq cənab İlham Əliyevə “Altın kıran” ordenini təqdim etdi. Bu ali mükafatı Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etdi ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, xalqlarımızı ortaq tarix, ortaq köklər birləşdirir:
“İki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin böyük xidmətləri vardır. Ölkələrimizin qət etdikləri 30 illik əməkdaşlıq yolu qarşılıqlı etimada, səmimi münasibətə əsaslanır. Bu baxımdan ölkələr arasında əlaqələrin inkişafında etimad əsas faktordur. Səfər çərçivəsində iki dost ölkənin strateji tərəfdaşlığı ilə yanaşı, müttəfiqliyini də təsdiqləyən sənədin imzalanması perspektivlərə də aydınlıq gətirir.”
Belə ki, əlaqələrin inkişafında əhəmiyyətli rol oynayan qarşılıqlı səfərlərdə diqqəti çəkən əsas məqam prezidentlərin təkbətək, eyni zamanda, geniş tərkibdə keçirilən görüşlərində aktual məsələlər ətrafında aparılan müzakirələrlə yanaşı, imzalanan sənədlərdir ki, bunlar da qarşıda duran hədəflərə bələdçilik edir. Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin imzalanması ilə bərabər, 20-dən artıq sənəd müvafiq strukturlar tərəfindən imzalandı. Hər bir sənəd əlaqələrin inkişafında yeni istiqamət, ən əsası hüquqi bazadır. Sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrası fonunda münasibətlərin inkişaf coğrafiyası daha da genişlənir. Hazırda iki ölkə arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətlə inkişaf edir. Prezidentlər mətbuata bəyanatlarında diqqəti iyun ayında Bakıda keçirilən Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşünə yönəldərək bildirdilər ki, bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əlaqələrin böyük perspektivləri var. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Bir sözlə, xalqlarımızın tarixi, ənənələri, mədəniyyəti bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir. Birgə Bəyannamədə, həmçinin Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib.”
YAP Xətai rayon təşkilatının sədri tarixi Zəfərimizin reallıqları fonunda yeni əməkdaşlıq formatlarının yaradılmasından, ikitərəfli və çoxtərəfli çərçivədə qurulan əlaqələrdə Azərbaycanın mövqeyinin möhkəmlənməsindən geniş bəhs edərək bildirib ki, Azərbaycan daim xarici siyasətində qarşılıqlı hörmət və maraq prinsiplərini öndə saxlaması, ən əsası heç bir dövlətin daxili işinə müdaxilə etməyərək belə müdaxilələri özü üçün də yolverilməz qəbul etdiyindən hər zaman dəyişməz mövqeyi ilə dünyanın diqqətində olub:
“Bunu sübut etmək üçün tarixi Zəfərimizdən sonra türk dünyasının birliyinin, həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim bu birliyin təcəssümü kimi diqqətə çatdırılır. Ötən il Qarabağın tacı Şuşa Azərbaycan-Türkiyə qardaşlığının müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqləyən Bəyannamənin imzalanmasına şahidlik etdi. Azərbaycan və Türkiyə dost, qardaş ölkələr olmaqla yanaşı, eyni zamanda, müttəfiqdirlər. Bu gün isə həmin sıraya Qazaxıstan da daxil oldu. Azərbaycan və Qazaxıstan hazırda eyni ab-havanı yaşayır. İmzalanan Bəyannamə iki ölkənin strateji tərəfdaşlığının müttəfiqliyə yüksəldiyinə bələdçilik edir.”
Vüqar Rəhimzadə onu da əlavə edib ki, tarixi Zəfərimizin mühüm reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə dost, qardaş ölkələrin dəstəyidir:
“Səfər çərçivəsində Qazaxıstanın azad Qarabağımıza hədiyyəsinin təqdimatı xüsusilə diqqətçəkən oldu. Belə ki, Azərbaycan və Qazaxıstan prezidentləri Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldular. Bu mühüm addım Qazaxıstanda keçmiş azərbaycanlı məcburi köçkünlərin öz doğma ocaqlarına Böyük Qayıdışı prosesinə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu bir daha təsdiqlədi. Bu təşəbbüsə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirən dövlət başçısı İlham Əliyev bunu dostluğun, qardaşlığın, həmrəyliyin təzahürü kimi dəyərləndirərək bu əminliyi də ifadə etdi ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan-Azərbaycan dostluğu mərkəzi olacaq”.
“Bir tərəfdən ərazi bütövlümüzün bərpası ilə Qarabağ münaqişəsinin tarixə qovuşması, digər tərəfdən isə 2018-ci ildə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması əlaqələrimizdə yeni səhifələr açır. Azərbaycan ilə Qazaxıstan arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ın imzalanması da bunun təsdiqidir”, - YAP Xətai rayon təşkilatının sədri əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər