İspaniya qaçqınların daha çox müraciət etdiyi ikinci Avropa ölkəsidir

İspaniya qaçqınların daha çox müraciət etdiyi ikinci Avropa ölkəsidir Avropa İttifaqında sığınacaq almaq üçün müraciətlər son illər görünməmiş dərəcədə sürətlə artır. Cari ilin əvvəlindən iyulun 19-dək təqribən 420.500 müraciət qeydə alınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 87 faiz çoxdur.
İspaniya təxminən 62.300 müraciətlə Almaniyadan sonra sığınacaq üçün daha çox xahiş edilən ikinci ölkədir. İspaniyaya aid rəqəmlər bu il iki dəfədən çox artıb və bu da ölkə hökumətində böyük narahatlıq doğurur.
Sığınacaq verilməsi üçün müraciətlərdə əfqanlar, suriyalılar, venesuelalılar və ukraynalılar liderlik edirlər.
Əfqanıstan talibanlar tərəfindən işğal edildikdən sonrakı bir il ərzində 51 mindən çox əfqan beynəlxalq müdafiə üçün xahişlə müraciət edib. Onlar sığınacaq üçün Fransa, Avstriya, Belçika, Yunanıstan, İsveçrə və Portuqaliyaya müraciət edənlər arasında ən çoxsaylı millətdir.
Əfqanların ardınca 2011-ci ildə başlanan müharibə nəticəsində yaranan suriyalı qaçqınlar gəlir. Onlar Almaniya, Niderland, Lüksemburq və Maltada liderliyi ələ alıblar.
Üçüncü yerdə venesuelalılardır: Venesueladan müraciət edən 26 mindən çox qaçqının 89 faizi İspaniyada sığınacaq istəyib.
Dördüncü mövqedə ukraynalılardır. Rusiya-Ukrayna münaqişəsi başlanandan bəri Avropa İttifaqına köçən 6,8 milyon miqrantın əksəriyyəti müvəqqəti müdafiə üçün müraciət etsələr də, minlərlə ukraynalı xüsusilə Şimali Avropa ölkələrində, Rumıniyada və bəzi Baltikyanı ölkələrdə sığınacaq almaq istəklərini qeyd ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər