Azad olunmuş ərazilərin aqrar potensialından səmərəli istifadə ölkə üzrə istehsalı ciddi şəkildə artıracaq - Nazir

Azad olunmuş ərazilərin aqrar potensialından səmərəli istifadə ölkə üzrə istehsalı ciddi şəkildə artıracaq - Nazir Azad olunmuş torpaqların təbii-iqlim və relyef xüsusiyyətləri nəzərə alınmaqla, bölgədə xüsusilə taxıl və yem bitkiləri, heyvandarlıq məhsulları istehsalı üstünlük təşkil edəcək.
Bunu kənd təsərrüfatı naziri İnam Kərimov Gülüstan sarayında "Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli" mövzusunda bu gün keçirilən konfransdakı çıxışında deyib.
"Bölgə üçün ənənəvi hesab edilən heyvandarlıq və taxılçılıq sektorları ilə yanaşı meyvəçilik və tərəvəzçiliyin inkişafı potensialı da genişdir. Azad edilmiş ərazilərdə intensiv meyvəçilik sahələrinin, xüsusilə nar, fındıq, çəyirdəkli meyvəçiliyin inkişafı üçün perspektivlər var.
Ağdam, Füzuli, Cəbrayıl rayonlarında pambıqçılığın, Ağdam və Füzuli rayonlarında tərəvəzçiliyin, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında milli üzüm sortları əsasında üzümçülük-şərabçılıq sahələrinin inkişafı baxımından əlverişli imkanlar mövcuddur.
Kəlbəcər və Laçın rayonlarının zəngin otlaq və yaylaqları heyvandarlığın və arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmçinin bu bölgədə heyvandarlıq sahəsinin intensiv və yarımintensiv ferma modeli əsasında da inkişafı təmin ediləcək.
Bilirsiniz ki, bölgədə quruculuq işlərinin əsas istiqamətlərindən birini yeni logistika infrastrukturunun qurulması təşkil edir. Logistika imkanlarının genişlənməsi kənd təsərrüfatı məhsullarının ixrac bazarlarına çıxarılmasına imkanlar yaradacaq.
Bütün bunlar göstərir ki, azad olunmuş ərazilərin aqrar potensialından səmərəli istifadə ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsalını ciddi şəkildə artıracaq", - nazir deyib.

Tehsil-press.az



Oxşar xəbərlər