Vasif Talıbov Kim Çen Inla müqayisə edildi

Vasif Talıbov Kim Çen Inla müqayisə edildi Vasif Talıbova ən yaxın kadrların Naxçıvan Muxtar Respublikasında tutduqları vəzifələrdən uzaqlaşdırılmasına başlanıb. Azərbaycanın Baş Prokuroru Kamran Əliyev Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbovun işinə xitam verilməsi ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, III dərəcəli dövlət ədliyyə müşaviri M.Talıbov 28 dekabr tarixindən tutduğu vəzifədən azad olunaraq, prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Qeyd edək ki, Məhərrəm Talıbov Vasif Talıbovun qardaşıdır. Bir sıra digər məmurların da vəzifələrindən kənarlaşdırıldığı barədə xəbər yayılıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, Vasif Talıbova ən yaxın vəzifəli şəxslərin kənarlaşdırılması müsbətdir və vacibdir. Naxçıvanda bu cür kadr islahatları aparılmasa, vəziyyətin düzəlməsi çətin olar: “Vasif Talıbov 30 il Naxçıvanı gestapo rejimi ilə idarə edib. İnsanları qorxu, təhdid altında saxlayıb. Çox qəddarlıq edib. İnsanlarla amansız davranıb. Heç kimin söz demək, etiraz etmək imkanını belə tanımayıb. Onun özbaşına verdiyi qərarın qəbul etməyən insanları, nəinki öz ailə üzvləri ilə, ən yaxın qohumları, qardaş, bacı, əmi, dayı və s. ilə təhdid edib. Həbs olunma qorxusu ilə yanaşı, qohumların işdən çıxarılmasına qədər əl atıb.
Hələ bu gün də naxçıvanlıların canında Vasif Talıbov qorxusu var. Çünki çox qəddarlıq edib. Amansız rejim səbəbindən yüz minlərlə insan Naxçıvanı tərk edib, Türkiyəyə, Rusiyaya, Ukraynaya paytaxt Bakıya gəlmək məcburiyyətində qalıb. Adam dəhşətə gəlir ki, təqaüdə çıxmış, ahıl yaşında olan naxçıvanlılara boş vaxtını keçirmək üçün SSRİ zamanında tikilən binaları söküb dağıdıb, bağladıb. Küçəyə çıxmağa belə imkan verməyib. Hər kənddə, qəsəbədə yalnız özlərinə məxsus bir dükanın olmasına icazə verib, ikinci dükan işləyə bilməzmiş. Kənddən 4-5 km aralıda yaşayan insanlar gəlib bu dükandan ərzaq almalıymış. Heç inanmıram ki, Şimali Koreyanın qəddar lideri Kim Çen In bu cür etmiş olsun. Belə bir vəziyyətin aradan qaldırılması üçün cənab Prezident İlham Əliyevin iradəsi ilə Vasif Talıbov istefaya göndərildi.
Artıq bir necə gündür Prezidentin Naxçıvana göndərdiyi səlahiyyətli nümayəndəsi olan Fuad Nəcəfli fəaliyyətə başlayıb. Düşünürəm ki, Fuad Nəcəfli qarşıya qoyulan vəzifələri uğurla həyata keçirməsi üçün çox işlər görməlidir. Demək olar, sıfırdan başlamalıdır. İlk olaraq Naxçıvanda qalan insanlarla görüşməli, təmasda olmalıdır. Mövcud problemləri məmurlardan deyil, sadə insanlardan eşitməlidir. Əlbəttə ki, yeni kadrların təyin olunmasına böyük ehtiyac var. Talıbova mütilik edən məmurların hamısını işdən uzaqlaşdırılmalıdır. Fuad Nəcəfli artıq yerlərdəki kadrlardan narazılığını Kəngərlidə olarkən dilə gətirib. Vasif Talıbovun kök atmış kadrları təmizlənməsə, hər cür təxribata, sabotaja əl atacaqlar. Məncə, bunu Fuad müəllim də çox yaxşı bilir".
N.Orduxanlı qeyd etdi ki, Vasif Talıbovun kadrları sırasında PKK-ya bağlı olanlar da var: “Tam əminliklə deyə bilərəm ki, Dövlət Təhlükəsizlik Xidməti yüksək səviyyədə Naxçıvanda öz fəaliyyətini qurub və lazım olan bütün addımları həyata keçirir. Hörmətli generalımız Əli Nağıyev çox peşəkar və milli kadrdır. Dövlətimizə və Prezident İlham Əliyevə sadiq şəxsdir. Kimin PKK-ya bağlı olmasını və ya İrana, Rusiyaya casusluq etməsini ifşa edəcək. Necə ki, zaman-zaman İrana və digər xarici ölkələrə satqınlıq etmiş xainləri ifşa edir. Vətən xainləri və nankorların hamısı öz layiqli cəzalarını alacaqlar. Buna heç kimin şübhəsi olmasın. Öz liderinə və dövlətinə xəyanət edən şəxslər gec-tez mütləq cəzalarını alırlar”.

Tehsil-press.az

Oxşar xəbərlər