20 Yanvar faciəsi - Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli terror aktı

20 Yanvar faciəsi - Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli terror aktı Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi anılıb.
Tədbirdə BDU Qazax filialının direktoru Arif Rüstəmov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli terror aktıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Həmin hadisə zamanı Ümummilli Lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyə qarşı kəskin etirazını bildirib, günahkarların adlarını cəsarətlə dünyaya bəyan edib.
Qeyd olunub ki, 20 Yanvar qırğını azadlıq arzusunda olan insanların iradəsini qıra bilmədi, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyini əldə etdi. 20 Yanvar faciəsinə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verilib və dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılması istiqamətində real addımlar atılıb.
Filialın tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev və digər çıxış edənlər faciənin başvermə səbəbləri barədə fikirlərini söyləyib, 20 Yanvarın tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər