Ermənistanın SEPAH-la hücum planı: Laçın istiqamətində Polşa taktikası

Ermənistanın SEPAH-la hücum planı: Laçın istiqamətində Polşa taktikası İranın Ermənistanla Azərbaycana qarşı birgə təxribat törədəcəyi ilə bağlı məlumatlar yayılıb. Erməni tərəfinin təxribat ehtimalları baxımından bu cür yanaşmaların olması mümkündür. Amma genişmiqyaslı hərbi əməliyyatların aparılması gözlənilmir. Eyni zamanda Azərbaycanın Qubadlı və Laçın istiqamətlərində hərbi imkanları çox güclüdür. Bunu da qarşı tərəfdə olan hər kəs bilir.
Bunu Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Onun fikrincə, məhz bu baxımdan həmin istiqamətdə hansısa hücum versiyasını qəbul etmək olmaz: “Çünki Azərbaycanın hərbi imkanları çox genişdir. Ona görə də, bu cür yanaşmalar tamamilə cəfəngiyyatdır. Ərazinin uzaq olması ilə bağlı səslənən fikirlər də absurddur. Azərbaycan Ordusu öz ərazisində istənilən nöqtədə ona qarşı olan hücumların qarşısını almağa və daha dağıdıcı zərbə endirməyə qadirdir. Amma təxribat ehtimalları istisna edilmir. Bu, Ermənistanın ənənəvi qaydasıdır. Bizə qarşı informasiya cəhətdən hücum təşkil etmək üçün bəhanə kimi istifadə edilən bir gedişdir”.
Sabiq nazir deyib ki, burada diqqətçəkən məqamın İranın Fransa ilə koordinasiyalı hərəkəti ilə bağlıdır: “Avropa İttifaqının Ermənistanda yerləşməsi, İranın buna təmkinli reaksiya verməsi onu göstərir ki, bunlar arasında koordinasiya var. Amma bütün bunlara baxmayaraq Azərbaycan tərəfi təxribatlara adekvat cavab verməyə hazırdır. Çünki yayılan informasiyalarda Azərbaycan əsgəri formasında erməni postlarına hücumun ediləcəyi ilə bağlı absurd xəbərlər yer alır. Əslində bu, ilk təcrübə də deyil. II Dünya müharibəsində faşist Almaniyası məhz bu fəndlə Polşaya qarşı təxribat törədib. Terror üslublarından istifadə edən İran və Ermənistan üçün bu təcrübə heç də yad deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, İran və Ermənistandan Azərbaycana qarşı hər zaman hansısa bir təxribatın olacağı ehtimalları yüksək olub”.
Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Ermənistan hər zaman İran vasitəsi ilə Azərbaycana qarşı təxribatlara əl atıb:
“Belə təxribatların bundan sonra da ediləcəyi təəccüblü deyil. Ötən günlərdə İran və Ermənistanın guya Qubadlı-Laçın istiqamətində Azərbaycan əsgərinin formasında təxribat törədəcəyi, orada video çəkilişlərin aparılacağı ilə bağlı yayılan məlumatlar sanki film formasında düşünülmüş bir ssenari idi. Burada anlaşılmaz cəhət odur ki, Ermənistanın öz əsgərini öldürüb onu dünyaya "Azərbaycan edib" kimi təqdim etməsi ilə bağlı yayılan gülünc xəbərlər oldu. Çünki Ermənistanın İranla birgə hansısa təxribatı törədəcəyi nəzəri baxımdan belə absurddur. Bunun nəticəsinin Ermənistan üçün necə olacağını onlar yaxşı bilir. Ermənistanın bununla guya hansısa bir ərazini geri qaytaracağı ilə bağlı səslənən iddialar da xəyal məhsuludur. Amma təxribatlar ola bilər. Buna da heç kəs təəccüblə yanaşmır”.
Üzeyir Cəfərova görə, SEPAH-la birgə Ermənistanın nəsə edəcəyi mümkün deyil: “Çünki indiki həssas dönəmdə İran bu riskə getməyəcək. Eyni zamanda bütün təxribatlara qarşı Azərbaycan Ordusu tam hazır vəziyyətdədir. Bu, əslində düşünülmüş psixoloji gərginlik yaratmaq məqsədinə hesablanıb. Qubadlı-Laçın istiqamətində Azərbaycan ciddi qüvvələr formalaşdırıb. İki gün öncə Azərbaycan Ordusunun Baş Qərargah rəisi həmin bölgədə hərbi hissə və bölmələrdə olub, müəyyən tapşırıqlar verib”.

Tehsil-press.az


Oxşar xəbərlər